Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalova hökm oxunub
Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalova hökm oxunubDünən, 19:18. |
|
İyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvlərindən daha birinə – partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləmiş Kənan Zeynalova (Basqal) 9 il həbs cəzası kəsilib. Civilazerbaijan.com bildirir ki, qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi elan edib. K.Basqal hökmdən əvvəl son sözündə deyib ki, həbsindən əvvəl müxalifət fəalı Tofiq Yaqublunun məhkəməsində könüllü şahidlik etdiyi, onun xeyrinə ifadə verdiyi üçün cəzalandırılıb. Prokuror AXCP fəalına 10 il həbs cəzası istəmişdi. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq, həmçinin saxta sənəd hazırlama və ya ondan istifadədə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir, qurama ittihamlarla şərlənərək həbs olunduğunu bildirir. Qeyd edək ki, AXCP sədri də daxil olmaqla, bu müxalif partiyanın hazırda 15-dən çox təmsilçisi barəsində həbs-qətimkan tədbiri seçilib. Partiya rəhbərliyi onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Həbsdəki cəbhəçilərin bir neçəsi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi və sürücüsü işləyib. Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini "qeyri-adi şərləmə" adlandırıb: "Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır". Hüquq müdafiəsi təşkilatlarının tərtib etdiyi siyahıya əsasən, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu barədə iddialarla razılaşmır, adları sözügedən siyahıda yer alan şəxslərin məhz törətdikləri cinayət əməllərinə görə mühakimə olunduqlarını vurğulayırlar, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |