Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İlqar Məmmədov İlham Əliyevə müraciət edib

İlqar Məmmədov İlham Əliyevə müraciət edib


Dünən, 17:12.
title}


Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü və keçmiş sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib.

Civilazerbaijan.com
bildirir ki, o, avqustun 3-də sosial media hesabında yazıb ki, Əliyevin siyasi fəaliyyətini dəstəkləyən siyasi partiya liderlərindən biri ona qarşı "artıq ikinci dəfədir 'xəbərdarlıq'la çıxış edir".

"Bu dəfəki xəbərdarlığını “son xəbərdarlıq” adlandırıb. Xəbərdarlığın xülasəsi odur ki, ‘siyasi çıxışlarını dayandır ya da aktuallığını azalt’. Bildiyimiz kimi, xəbərdarlıq deyilən şeyin məntiqi nəticəsi xəbərdarlıq alıb əməl etməyənə qarşı pis şeylərin baş verməsi olur. Nədir o pis şeylər? Bilmirəm, amma keçən dəfə oxşar şeylər həbsimlə nəticələndi. Hər halda qorxutma ab-havasında siyasi fəaliyyətlə məşğul olmağı heç kimə arzulamıram. Mən bilmək istərdim ki, bizim ölkədə dövlət başçısının razılığı və bilgisi olmadan mənim siyasi fəaliyyətimi dayandırmaq məqsədini güdən xəbərdarlığı kimsə edə bilərmi? Əgər edə bilməzsə, onda niyə belə şeylər olur?", - İ.Məmmədov sual edib.

Siyasətçi bildirib ki, xəbərdarlıqların ölkə başçısından "qaynaqlandığına özünün də inanmağı gəlmir", lakin o, Əliyevdən məsələyə münasibət bildirməsini istəyib.

"Siyasi fəaliyyətimi dürüst və səmimi, çağdaş və dinc, dünya siyasi mübarizə tarixinin layiqli nümunələrinə uyğun olaraq davam edirəm. Siyasi fəaliyyətimlə bağlı çətin bir səhifəni 2020-ci ildə geridə qoyduğumuzu düşünmək istəyirəm. Əgər bu belə deyilsə və sizin partiyada və hökumətdə mənim siyasi fəaliyyətimə, doğrudan da, yenə hansısa məhdudiyyətlər qoymaq niyyəti varsa və sözü gedən xəbərdarlıqlar onun əlamətidirsə, buna ancaq təəssüf etmək olar", - o əlavə edib.

İ.Məmmədov paylaşımında ad çəkməsə də, sosial mediada bəzi istifadəçilər onun Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunu nəzərdə tutduğunu iddia ediblər.

A.Şakiroğlu avqustun 2-də sosial media hesabında İ.Məmmədovun son paylaşımlarından birinə münasibət bildirərək ona "son dəfə xəbərdarlıq etdiyini" yazıb. "Özünlə xalqımızı bir tutma. Buna sənin nə mənəvi, nə də mənəviyyatsız haqqın çatır!", - o əlavə edib.

Respublikaçı Alternativ Hərəkatının həmtəsisçisi olan İ.Məmmədov 2020-2024-cü illərdə eyniadlı partiyaya sədrlik edib.

O, 2013-cü ilin fevralında İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub. Siyasətçi kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Məmmədov 2018-ci ilin avqustunda şərti azadlığa buraxılıb, 2020-ci ilin aprelində isə Ali Məhkəmə tərəfindən bəraət alıb, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt