Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Ayxan İsrafilov azadlığa çıxıb
Ayxan İsrafilov azadlığa çıxıbBu gün, 15:13. |
|
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Civilazerbaijan.com bildirir ki, bu barədə avqustun 11-də onun yaxınları məlumat yayıblar. Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin daha ağır bəndləri ilə ittiham verilib, sonradan isə ittiham 234.1.1-ci maddəyə - satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə və saxlama - dəyişdirilib. O, ittihamı qəbul etməyib və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirib. 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsrafilovu 3 il müddətinə azadlıqdan məhrum edib. “İşçi Masası” 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılmış müstəqil təşkilatdır. Təşkilat, əsasən, kuryerlərin və digər işçilərin əmək hüquqlarının müdafiəsi ilə məşğul olub. Onun bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda “İşçi Masası”nın sədri Afiyəddin Məmmədov və üzvü Möhyəddin Orucov həbsdədir. Avqustun 4-də təşkilatın digər üzvü, işçi hüquqları fəalı Elvin Mustafayev də azadlığa çıxıb. Təşkilat üzvləri müxtəlif ittihamlarla mühakimə olunsalar da, özlərini təqsirli bilmədiklərini və cinayət işlərinin siyasi motivli olduğunu bildiriblər. Bir sıra hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir. Geri qayıt |