Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Xüsusi təyinatlı keçmiş komandir olduğunu deyən azərbaycanlı İtaliyada həbs edilib

Xüsusi təyinatlı keçmiş komandir olduğunu deyən azərbaycanlı İtaliyada həbs edilib


Dünən, 18:18.
title}


İtaliya polisi Azərbaycan vətəndaşı, 46 yaşlı Tural Məmmədovu Romada beynəlxalq həbs qərarı əsasında saxlayıb.

Civilazerbaijan.com
bildirir ki, İtaliya mediasının məlumatına görə, hazırda Almaniyada yaşayan Məmmədov avqustun 4-də ailəsi ilə birlikdə İtaliyada istirahətdə olarkən həbs edilib. O, Romadakı “Regina Coeli” həbsxanasında saxlanılır. Məmmədov barəsində beynəlxalq həbs qərarını 2025-ci ilin sentyabrında Bakıdakı məhkəmələrdən birinin verdiyi bildirilir. İş üzrə ilkin həbs qərarı isə 2018-ci ilin noyabrına aiddir.

Azərbaycan hüquq-mühafizə orqanları onu dələduzluqda ittiham edir. İttihama görə, Məmmədov ayrı-ayrı şəxslərdən onları işə düzəltmək və başqa məsələləri həll etmək vədi ilə pul alıb. Sözügedən cinayət əməli Azərbaycanda beş ilədək həbs cəzası nəzərdə tutur.

Roma Apellyasiya Məhkəməsinin IV Cinayət Kollegiyası Məmmədovun həbsini təsdiqləyib. İndi İtaliya tərəfi Azərbaycandan iş üzrə sənədlərin təqdim olunmasını gözləyir. Ekstradisiya ilə bağlı yekun qərarın verilməsində İtaliyanın ədliyyə naziri də iştirak edəcək.

Məmmədov ittihamları rədd edir və Azərbaycana ekstradisiyasına qarşı çıxır. Onun sözlərinə görə, 2025-ci il noyabrın 4-də Almaniya hakimiyyətinin verdiyi etibarlı yaşayış icazəsi var və hazırda bu ölkədə neft sektorunda fəaliyyət göstərən şirkətlərdən birində işləyir.

Məmmədov Azərbaycanda işlədiyi dövrdə “polis xüsusi təyinatlı qüvvələrinin komandiri” olduğunu bildirib. İtaliya mediası onun vaxtilə Azərbaycanın təhlükəsizlik və kəşfiyyat strukturlarında yüksək vəzifələr tutmuş ola biləcəyini yazır. Bununla belə, xəbərdə bu məlumatı təsdiqləyən rəsmi sənədlər təqdim edilmir.

Məmmədovun dediyinə görə, o, korrupsiya sistemləri ilə əlaqəyə girməmək və “Avropada daha sakit həyat yaşamaq” üçün Azərbaycanı tərk edib.

Onun vəkili Aleksandro Mariya Tirelli bildirib ki, İnterpolun “Red Notice” bildirişi avtomatik olaraq şəxsin həbsdə saxlanılması üçün əsas kimi qəbul edilməməlidir. Vəkil həmçinin Məmmədovun keçmiş fəaliyyətinin və Azərbaycanın təhlükəsizlik və kəşfiyyat strukturlarında yüksək vəzifə tutması ilə bağlı məlumatların nəzərə alınmalı olduğunu deyib.

Tirellinin sözlərinə görə, bu məlumatlar sənədlərlə təsdiqlənərsə, işin arxasında görünməyən daxili münaqişələrin və hakimiyyət uğrunda mübarizənin olub-olmaması da araşdırılmalıdır. Vəkil Azərbaycanda demokratik təminatlarla bağlı problemlərə də diqqət çəkərək, Məmmədova qarşı irəli sürülən ittihamların 2018-ci ilə aid olduğunu xatırladıb.
Geri qayıt