Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Asəf Əhmədov barəsində hökm qüvvədə saxlanılıb
Asəf Əhmədov barəsində hökm qüvvədə saxlanılıbBu gün, 12:41. |
|
Sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsi “QHT işi” üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədov barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Civilazerbaijan.com bildirir ki, bu barədə ictimai fəalın həyat yoldaşı Xalidə Əhmədova məlumat yayıb. O, apellyasiya instansiyasının qərarını ədalətsiz adlandırıb və birinci instansiya məhkəməsində yol verildiyini bildirdiyi hüquq pozuntularının nəzərə alınmadığını deyib. Müdafiə tərəfinin etirazlarından biri Əhmədovun ittiham olunduğu maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması ilə bağlı olub. Xalidə Əhmədova bildirib ki, buna baxmayaraq, həmin maddə üzrə çıxarılan hökm də qüvvədə saxlanılıb. “Asəf Əhmədovla birlikdə 1 il 5 aydır məhkəməyə getsəm də, mən məhkəmə görmədim”, - deyə o bildirib. Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində səsləndirdiyi son sözündə ittihamları rədd edib: “Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli düşündüyünə görə ittiham edib mühakimə etmişdilər. Bu gün onu mühakimə edən vəzifə sahiblərini heç kim xatırlamır, amma Sokratın irsi yaşayır, insanlar onu hələ də oxuyur və tanıyırlar. Hüseyn Cavidi və onlarla ziyalımızı da məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə etmişdilər. O dövrün müstəntiqləri və prokurorları qalib gəldiklərini düşünürdülər. Ancaq tarix həmin qərarları verənləri bağışlamadı. Ədalət gec də olsa öz yerini tapdı və tapacaqdır”. “QHT işi” üzrə həbslər 2024-cü ilin martından başlayıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri həbs olunub, 10-a yaxın şəxs barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslərin məhkəməsi davam edir, bəziləri barəsində isə artıq hökm çıxarılıb, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |