Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AXCP üzvünün vaxtından əvvəl azadlığa buraxılması tələbi təmin olunmayıb

AXCP üzvünün vaxtından əvvəl azadlığa buraxılması tələbi təmin olunmayıb


Bu gün, 15:16.
title}


Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənovun şikayətinə baxılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli sosial şəbəkədə məlumat yayıb.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Həsənov cəzasının üçdə iki hissəsini çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Penitensiar Xidmətin rəyinə əsaslanaraq müraciəti təmin etməmişdi.

Məhkəmə prosesində çıxış edən E.Həsənov həbsinin siyasi olduğunu, vaxtından əvvəl azadlığa buraxılmaması ilə bağlı qərarları isə qərəzli hesab etdiyini bildirib. O deyib ki, cəzasının üçdə iki hissəsi tamamlandıqdan sonra ona qarşı təzyiqlər davam edib.

Mirələmlinin sözlərinə görə, Elnur Həsənov altı ay müddətinə qapalı rejimli həbsxanaya köçürülüb. Bu müddət iyulun 30-da başa çatdıqdan sonra o, yenidən 6 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb.

“Müəssisəyə çatdığı gündən işgəncə ilə üz-üzədir. Müəssisənin əməkdaşları onu döyərək tanınmaz hala salıblar. Bundan sonra onların əlindən qurtulmaq üçün özünə xəsarət yetirib. Həmin vaxtdan aclıq aksiyasına başlayıb. Hazırda aclıq onu tanınmaz vəziyyətə gətirib. Elnur Həsənov məhkəmə zalında bildirib ki, sentyabrın 2-də daha bir kəskin etiraz üsuluna əl ataraq xaç formasında dəmir parçası udub”, - Təzəxan Mirələmli bildirib.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra Elnur Həsənov “Rədd olsun rəzalət, bərqərar olsun ədalət!” şüarı səsləndirərək məhkəmə zalını tərk edib.

Penitensiar Xidmət E.Həsənovun döyülməsi və səhhətinin ağırlaşması ilə bağlı iddialara münasibət bildirməyib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi – külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmə, saxlama və daşıma ittihamı ilə həbs olunub.

2024-cü il avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində hökm çıxarıb. Məhkəmə Həsənovu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi – satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə və saxlama üzrə təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edib.

Dövlət ittihamçısı isə Həsənova qarşı əvvəlcə irəli sürülmüş, daha ağır cəza nəzərdə tutan 234.4.3-cü maddə üzrə ittihamın məhkəmədə sübuta yetirildiyini bildirərək onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Elnur Həsənov ittihamları qəbul etməyib. O, AXCP üzvü olduğuna və siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Həsənov həmçinin saxlanılarkən və polis bölməsində işgəncəyə məruz qaldığını, etiraf ifadəsini imzalamağa məcbur edildiyini deyib. Fəal həbsindən əvvəl yol polisinin fəaliyyətini sosial şəbəkələrdə tənqid etdiyini, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan qısa müddət sonra həbs olunduğunu bildirib.
Geri qayıt