Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib
Ramiz Mehdiyevin işi məhkəməyə göndərilibBu gün, 13:34. |
|
Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd kimi ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib. Civilazerbaijan.com bildirir ki, AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Murad Aslanov baxmalıdır. İş üzrə R.Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir. R.Mehdiyev Azərbaycan hakimiyyətində uzun illər ən yüksək vəzifələrdən birini tutub. O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Mehdiyev barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Onun ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Onun və köməkçisinin ittihamlara münasibəti ictimaiyyətə bəlli deyil. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında R.Mehdiyev ilə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi. DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib. AXCP sədri Ə.Kərimli və partiyanın Məclis üzvü M.İbrahim də 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Ə.Kərimli və M.İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamı qəbul etmirlər, işi qurama, siyasi sayırlar. Onlarla bağlı işin tamamlanıb-tamamlanmadığını dəqiqləşdirmək mümkün olmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |