Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İqbal Əbilovun qapalı həbsxanaya köçürülməsi istənilir
İqbal Əbilovun qapalı həbsxanaya köçürülməsi istənilirBu gün, 13:49. |
|
Sentyabrın 14-də Qaradağ Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun qapalı rejimli həbsxanaya köçürülməsi ilə bağlı proses keçirilib. Civilazerbaijan.com bildirir ki, İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, proses tədqiqatçının hazırda saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında baş tutub. Prosesdə müəssisə tərəfi İ.Əbilovun törətdiyi iddia olunan rejim pozuntuları və ona verilən töhmətlərlə bağlı məhkəməyə 22 səhifəlik hesabat təqdim edib. "Lakin hesabatda qeyd edilən pozuntular və töhmətlər barədə nə İqbal Əbilovun, nə də onun vəkilinin əvvəlcədən xəbəri olub. Həmin hesabat müdafiə tərəfinə əvvəlcədən tanış olmaq və araşdırmaq üçün təqdim edilməyib. İqbal Əbilov bu pozuntuların və töhmətlərin hansı əsaslarla verildiyini bilmir. İddiaların nəyə əsaslandığı və onları təsdiq edən hansı sübutların mövcud olduğu da məlum deyil. Çünki İqbal Əbilov həbsxanada olduğu müddət ərzində rejim qaydalarını heç vaxt pozmayıb", - komitə bildirib. Müdafiə tərəfi hesabatla tanış olmaq və iddiaları araşdırmaq üçün məhkəmə iclasının təxirə salınması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Növbəti iclas oktyabrın 12-ə təyin edilib. İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub. Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |