Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ali Məhkəmə Samir Aşurovun şikayətini təmin etməyib
Ali Məhkəmə Samir Aşurovun şikayətini təmin etməyibBu gün, 16:58. |
|
Sentyabrın 17-də Ali Məhkəmədə Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra həbs olunan Samir Aşurovun kassasiya şikayətinə baxılıb. Civilazerbaijan.com bildirir ki, yaxınlarının yaydığı məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməməsi ilə bağlı olub. Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. "Samirə verilən haqsız cəzanın 2/3 hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmişdi. Amma Xəzər rayon Məhkəməsi bu müraciəti rədd edib, Apellyasiya Məhkəməsi isə həmin qərarı dəyişdirmədən qüvvədə saxlayıb", – onda S.Aşurovun xanımı Nuranə Aşurova demişdi. Qeyd edək ki, 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S.Aşurov bundan 20 gün sonra saxlanıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Aşurov əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanıb. Bir neçə ay sonra isə ona qarşı Cinayət Məcəlləsinin daha bir - 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. 2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib. Hüquq müdafiəçiləri S.Aşurovu siyasi məhbus kimi tanıyıblar. O, ittihamı qurama sayır. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Son dörd il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən ən azı beş nəfərin (S.Aşurov daxil) narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər. Geri qayıt |