Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Nöqsanlardan sonra da milyonluq dövlət müqavilələri alan şirkət
Nöqsanlardan sonra da milyonluq dövlət müqavilələri alan şirkətBu gün, 18:47. |
|
Hesablama Palatasının əvvəlki layihələrdə nöqsanlar aşkarlamasına baxmayaraq, “Protean Construction” dövlət sifarişləri almaqda davam edir. Şirkət bu dəfə Zəngilanda yaşayış məhəlləsinin tikintisi üçün 26,6 milyon manatlıq müqavilə qazanıb. Civilazerbaijan.com bildirir ki, AzadlıqRadiosu şirkətin illərdir davam edən dövlət müqavilələrini, Meydan TV isə arxasında duran şəxsləri araşdırıb. Zəngilan şəhərində ikinci yaşayış məhəlləsinin tikintisini “Protean Construction” ASC həyata keçirəcək. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” şirkətlə 26 milyon 596 min 770 manatlıq müqavilə bağlayıb. Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, müqavilə yaşayış məhəlləsində tikinti-quraşdırma işlərini əhatə edir. Bu, “Protean Construction”ın Zəngilanda aldığı ilk iri dövlət sifarişi deyil. 2024-cü ildə şirkət şəhərdə başqa bir yaşayış məhəlləsinin tikintisi üçün 11,5 milyon manatlıq müqavilə qazanıb. Həmin layihə çərçivəsində 12 çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulurdu. 2025-ci ilin noyabrında isə eyni şirkətə Zəngilandakı yaşayış məhəlləsində mühəndis təminatı və transformator binasının tikintisi həvalə olunub. Bu müqavilənin dəyəri 1 milyon 88 min 601 manat olub. Beləliklə, təkcə bu üç layihə üzrə “Protean Construction”a Zəngilan şəhərində on milyonlarla manatlıq dövlət sifarişi verilib. Hesablama Palatası əvvəlki layihədə nöqsanlar aşkarlayıb AzadlıqRadiosu yazır ki, Hesablama Palatasının apardığı auditdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında tikinti layihələrinin həyata keçirilməsi zamanı satınalmalarla bağlı bir sıra problemlər müəyyən edilib. Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair rəyində də bu qurumun fəaliyyətinin audit edildiyi, bəzi satınalma müqavilələrinin icrası zamanı qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinin gözlənilmədiyi bildirilir. Məsələn, bəzi hallarda nəzərdə tutulandan artıq məbləğdə əvvəlcədən ödənişlər edilib. AzadlıqRadiosunun audit sənədinə istinadən yazdığına görə, Palata çoxsaylı müqavilələrin bir mənbədən, ehtimal olunan qiymət müəyyən edilmədən bağlanmasının rəqabət mühitinə mənfi təsir göstərdiyini qeyd edib. Zəngilanda yaşayış məhəlləsinin tikintisi ilə bağlı ayrıca nöqsan da göstərilib. Auditə əsasən, sənədlərdə bəzi işlərin həcmi artıq qeyd olunub, daha əvvəl nəzərə alınmış tikinti materiallarının dəyəri fərqli qiymətlərlə yenidən hesablanıb. AzadlıqRadiosunun məlumatına görə, nəticədə layihənin müqavilə dəyəri 146 min 942 manat artıb. Bununla belə, şirkət sonrakı illərdə də Zəngilanda yeni iri layihələr əldə edib. AzadlıqRadiosu bildirib ki, auditdə göstərilən nöqsanlarla bağlı nə “Protean Construction”dan, nə də aidiyyəti dövlət qurumlarından açıqlama ala bilib. “Protean Construction” şirkəti kimindir? Şirkətin tarixi 2000-ci illərin əvvəlinə gedib çıxır. “Protean Construction”ın öz məlumatına görə, 2001-ci ildə “Azərneftkimyazavodtəmirtresti”nin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin bazasında “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” ASC yaradılıb. 2017-ci ildə şirkətin adı dəyişdirilərək “Protean Construction” olub. Meydan TV-nin baxdığı Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında da köhnə və yeni şirkət eyni VÖEN – 9900062801 altında görünür. ASC-nin nizamnamə kapitalı 160 min 672 manatdır. Şirkətin hazırkı qanuni təmsilçisi Məhəmməd Ağca oğlu Təhməzovdur. Dövlət Vergi Xidmətinin tarixçəsində Təhməzovun adı 2013-cü ildən qanuni təmsilçi kimi görünür; ondan əvvəl həmin statusda İlqar Fehruz oğlu Ağazadə olub. 5 avqust 2013-cü ildə qanuni təmsilçinin Ağazadədən Təhməzova dəyişdirildiyi görünür. Ancaq Təhməzovun şirkətdəki rolu yalnız qanuni təmsilçiliklə məhdudlaşmır. “Protean Construction”ın 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatlarını da İdarə Heyətinin sədri kimi Məhəmməd Təhməzov imzalayıb. Şirkətin səhmdarlığı ilə bağlı açıq məlumat isə məhduddur. 2022-ci ildə “Yeni Xəbər” saytının jurnalistləri İlqar Ağazadə ilə “Protean Construction” barədə danışıb. Ağazadə həmin söhbətdə özünü şirkətin rəhbəri deyil, səhmdarı adlandırıb və şirkətin İdarə Heyətinin sədri kimi Məhəmməd Təhməzovun adını çəkib. Ağazadə jurnalistə deyib: “Mən rəhbər deyiləm, mən səhmdaram.” Açıq mənbələrdə İlqar Ağazadənin şirkətdə neçə faiz səhmə sahib olması, digər səhmdarların kimliyi və səhmlərin hazırkı bölgüsü göstərilmir. Buna görə də onun şirkətin tək sahibi olduğunu demək üçün açıq sübut yoxdur. Media materiallarında İlqar Ağazadə Ümid Partiyasının sədri və keçmiş deputat İqbal Ağazadənin qardaşı kimi təqdim olunur. Milli Məclisin məlumatlarında İqbal Ağazadənin tam adı İqbal Fehruz oğlu Ağazadə kimi göstərilir və onun II, III və IV çağırış parlamentin deputatı olduğu qeyd edilir. Məhəmməd Təhməzov əslən Zəngilan rayonundandır. Eyni rayondan olan başqa bir Təhməzov/Təhməzli ailəsinin üzvləri – MİDA MMC-nin direktoru Fərhad İlahi oğlu Təhməzov, AQTA sədri Qoşqar İlahi oğlu Təhməzli və onların qardaşı Atəş İlahi oğlu Təhməzli də tikinti və dövlət idarəçiliyi sahələrində tanınırlar. Meydan TV-nin araşdırdığı açıq mənbələr Məhəmməd Təhməzovla bu ailə arasında qohumluğu təsdiqləyən sənəd ortaya çıxarmayıb. Eyni soyad və Zəngilan mənşəyi belə bir ehtimal yaratsa da, qohumluğun olub-olmadığını və dərəcəsini müəyyənləşdirmək mümkün olmayıb. Məhəmməd Təhməzovun adı “Protean Construction”dan başqa şirkətlərdə də keçir. O, 1995-ci ildə qeydiyyata alınmış “Bulaq” Kiçik Müəssisəsinin, həmçinin 2026-cı ildə yaradılmış “Zəngilan Agro 1” MMC-nin qanuni təmsilçisidir. Açıq reyestr məlumatları onun bu şirkətlərin sahibi olduğunu deyil, qanuni təmsilçisi olduğunu göstərir. Su və kanalizasiya layihələrində də milyonluq müqavilələr “Protean Construction” yalnız Zəngilandakı tikinti layihələrində iştirak etmir. Şirkət son illərdə su və kanalizasiya infrastrukturu üzrə də bir sıra iri dövlət müqavilələri əldə edib. 2025-ci ilin sentyabrında Lənkəranın su təchizatı və kanalizasiya sistemlərinin yaradılması üzrə şirkətlə 38 milyon 558 min manatlıq müqavilə bağlanıb. 2023-cü ilin sonunda Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin dəyəri isə 28 milyon 590 min manat olub. Şirkət, həmçinin Bakının Binəqədi qəsəbəsində su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə 12,9 milyon manatlıq, Şuşanın içməli su təchizatı ilə bağlı isə 8,6 milyon manatlıq müqavilələr əldə edib. AzadlıqRadiosunun hesablamasına görə, son bir neçə ildə təkcə su və kanalizasiya layihələri üzrə şirkətə verilən müqavilələrin ümumi dəyəri 100 milyon manatı ötüb. Buraya “Protean Construction”ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən və digər qurumlardan aldığı sifarişlər daxil deyil. İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda iri dövlət satınalmalarında rəqabətin real olub-olmaması ilə bağlı suallar qalır. Onun sözlərinə görə, bəzi hallarda “öncədən məlum olur ki, hansı şirkət qalib olacaq”. Hesablama Palatasının açıqladığı göstəricilərə görə isə 2025-ci ildə dövlət satınalmalarına sərf olunan ümumi vəsaitin 54,6 faizi bir mənbədən satınalma üsulu ilə xərclənib, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |