Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > AXCP: Məhkəmə Əli Kərimlinin səkkiz şikayətini geri qaytarıb

AXCP: Məhkəmə Əli Kərimlinin səkkiz şikayətini geri qaytarıb


Bu gün, 17:06.
title}


Sentyabrın 21-də Səbail rayon Məhkəməsi həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı şikayətini geri qaytarıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, son beş ayda Səbail rayon Məhkəməsi Ə.Kərimli ilə bağlı verilən səkkiz şikayəti qəbul etməyib.

Mətbuat xidməti vurğulayıb ki, həmin şikayətlər Ə.Kərimlinin atasının dəfn mərasimində iştirak istəyi, işgəncəyə məruz qalması və bır sıra digər hüquqlarının pozulması ilə bağlı olub:

"Məhkəmə müraciətlərə baxılmamasını onunla əsaslandırmağa çalışır ki, guya bu növ şikayətlərin verilməsi Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənmir. Bu absurd izahdan sonra isə şikayətin necə və hansı məhkəməyə verilməli olduğuna dair də heç bir aydınlıq gətirilmir".

Bu açıqlamaya Səbail rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Kərimli 2025-ci il noyabrın 29-dan bəri həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri bu ittihamı rədd edərək həbsini siyasi, sifarişli adlandırır.

Müdafiə tərəfi iddia edir ki, həbsdə qaldığı müddətdə AXCP sədrinin ailəsi ilə telefon danışıqları və görüşləri məhdudlaşdırılıb, özü isə sağlıq problemi olan şəxslə eyni kamerada saxlanılır. Üstəlik, onun idmana aparılmadığı, gəzinti saatının azaldıldığı və lazımı informasiya almasına məhdudiyyət qoyulduğu vurğulanır.

Cavabdeh tərəflər bu iddialara hər hansı münasibət bildirməyib.
Geri qayıt