Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Belə axtarışları yalnız 1937-ci ildə NKVD gecəyarı edib - ŞƏMŞAD AĞA

Belə axtarışları yalnız 1937-ci ildə NKVD gecəyarı edib - ŞƏMŞAD AĞA


Dünən, 12:59.
title}


“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin məhkəməsi sentyabrın 28-də davam etdirilib.

Civilazerbaijan.com
bildirir ki, “Meydan TV”nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) ifadə verib.

Məhkəmə prosesində əvvəl jurnalist Natiq Cavadlı saxlandıqları gün evlərdə axtarış zamanı götürülmüş əşyaların qaytarılması barədə vəsatət qaldırıb. O bildirib ki, evlərdən kompüterlər, telefonlar, diktofon və başqa çoxsaylı əşyalar götürülüb. Bir il əvvəl istintaq başa çatmasına baxmayaraq, əşyalar qaytarılmayıb.

Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ araşdırılacaq və sonda hansı əşyaların qaytarılması barədə qərar veriləcək.

Daha sonra təqsirləndirilən 12 şəxsdən dindirilməmiş sonuncusu Şəmşad Ağa ifadə vermək üçün şüşə kabinədən tribunaya çıxarılıb. O, ifadəsinə jurnalist Əvəz Zeynallının vəfatı ilə bağlı başsağlığı verməklə başlayıb: “İndicə çox ağır bir xəbər aldıq, jurnalist həmkarımız Əvəz Zeynallı vəfat edib. Əvəz Zeynallı avtoritarizmin qurbanı oldu”.

Şəmşad Ağa çıxışında jurnalistlik fəaliyyətindən, “Arqument.az”ın yaradılmasından və gənc jurnalistlərin yetişdirilməsi üçün təsis olunan “Demokratiya Məktəbi”ndən danışıb. O, müstəqil medianın və jurnalistlərin repressiyalara baxmayaraq söz azadlığını qoruduğunu bildirib:

“2014-cü ildə müstəqil “Arqument.az” saytını yaratdım və bu günə qədər onun təsisçisi və baş redaktoruyam. Bu sayt hər zaman obyektiv, qərəzsiz, peşəkar hazırlanmış istənilən informasiyaya və müəllif yazısına açıq olub.

2016-cı ildə Akif Qurbanov və Ələsgər Məmmədli ilə gənc jurnalistlərin yetişməsi üçün Demokratik Təşəbbüslər İnstitutu nəzdində “Demokratiya Məktəbi” təsis etdik. Bu heç bir təmənna güdülməyən maarifçilik idi və xeyli gəncin peşəkar yetişməsinə səbəb oldu. Onu da xüsusi olaraq qeyd edim ki, bu gün həbsdə olan Akif Qurbanov, Ələsgər Məmmədli və bu zalda mənimlə birgə ittiham olunan Aynur Elgünəş Azərbaycanda gənc jurnalistlərin yetişməsinə əvəzsiz rol oynayıblar, maarifçi kimi bir universitet qədər, bəlkə, ondan da çox iş görüblər. Bu gün “Demokratiya Məktəbi”nin təsisçisi Akif Qurbanov, müəllimləri Ələsgər Məmmədli, Aynur Elgünəş, mən, Azər Qasımlı, Ruslan İzzətli, Müşfiq Cabbar, tələbələri Nərgiz Absalamova, Əli Zeynal, Xəyalə Ağayeva, İlkin Əmrahov, Ramil Babayev, Fatimə Mövlamlı, Ülviyyə Əli, Bəhruz Səmədov, Nurlan Qəhrəmanlı siyasi ittihamlarla həbsdədirlər.
Bu gün Azərbaycan hakimiyyətinin amansız repressiyaları ilə üzləşən bütün jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, aktivistlər, siyasətçilər bu ölkənin hüquqsuz və əzilən vətəndaşlarının səsidirlər.

Həm “Abzas Media”, həm “Toplum TV”, həm də “Meydan TV” söz və ifadə azadlığının sonuncu səngərlərindədir. O səngərlərdə dayanıb sözü, onun azadlığını qoruyan hər bir jurnalist bəşəri dəyərlərin daşıyıcısıdır. Ona görə həm “Toplum TV”, həm də “Meydan TV”dəki fəaliyyətimə görə qürur duyuram. “Abzas Media”nın repressiyaya məruz qalıb həbs olunan əməkdaşları ilə eyni dəyərləri bölüşdüyüm üçün fəxr edirəm.
Azərbaycan hakimiyyəti milyonlar xərcləsə də, indiyə qədər adını çəkdiyim media quruluşları kimi xalqın etimad etdiyi media orqanları yarada bilmədi, çünki azadlıq vermədən güclü media orqanı yaratmaq mümkün deyil”.

Şəmşad Ağa ifadəsində saxlanılması və evində aparılan axtarış zamanı zorakılığa məruz qaldığını bildirib.

“Məni saxlayan əməliyyatçıların sayı dörd nəfər idi, amma məni Məhsəti Gəncəvi küçəsindəki mənzilimə gətirəndə həyətdə 18 polis əməkdaşı saydım. Binanın həyətində mülki geyimli biri yaxınlaşıb Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov olduğunu, Aynur Qəmbərovaya [Aynur Elgünəş - red.] açılmış cinayət işi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığımı dedi. Buna qədər isə əməliyyatçılar “Bandotdel” tərəfindən saxlanıldığımı, səbəbi idarədə deyiləcəklərini bildirdilər. Daha sonra əməliyyatçılar binanın mühafizəçisindən giriş qapısının açarını alıb binaya daxil oldular. Yaşadığım mənzilə yaxınlaşıb qapımı döydülər. Saat 2-ni keçmişdi. Qardaşım və azyaşlı qızım evdə idilər, yatmışdılar. Qardaşım oyananda ona polis tərəfindən saxlanıldığımı dedim və bildirdim ki, narahat olmasınlar, qapını açsın. Bu zaman müstəntiqin yanında olan əməliyyatçılardan biri bir əli ilə ağzımı qapadaraq mədəmin üstünə yumruqla vurdu. Zərbədən çökdüm, qollarımdan yapışıb qaldırdılar. Çünki evə səssizcə girmək istəyirdilər. Mən evdə axtarış aparmaqla bağlı məhkəmə qərarının olub-olmadığını soruşanda belə bir qərarın olduğunu dedilər, amma göstərmədilər. Mən axtarışa İlham Əliyevin niyə gəlmədiyini deyəndə yenə vurdular”.

Şəmşad Ağa bildirib ki, polis əməkdaşları evdə təxminən iki saat axtarış aparıblar:

“Hər yeri ələk-vələk etdilər, bütün paltar dolablarını, qap-qacaq rəflərini, yataq otağını ortaya tökdülər, divanı belə altını-üstünə çevirdilər. Kitab rəfini dağıdıb ortaya tökdülər, modemi internetdən ayırıb götürdülər. Belə axtarışları yalnız 1937-ci ildə NKVD gecəyarı və eyni şəkildə edib”, - jurnalist bildirib.

O, uzun illərdir mədə xorası və qan təzyiqindən əziyyət çəkdiyini vurğulayıb:

“Qapıda mədəmin üstünə yumruqla vurandan sonra mədəmdə kəskin ağrılar başlamışdı. Bundan başqa ürəyimin sol divarında qan dövranı itir. Bunu təsdiqləyən tibbi diaqnoz var. Buna rəğmən heç bir tibbi yardım da çağırmağa imkan vermədilər. Yalnız evdə olan dərmandan istifadə etmək məcburiyyətində qaldım”.

Şəmşad Ağa bildirib ki, axtarış başa çatdıqdan sonra müstəntiq ondan telefonunun parolunu istəyib. Onun sözlərinə görə, etiraz etdikdə ailə üzvlərinin də idarəyə aparılacağı bildirilib.

“Saat 4 idi. 1937-ci illəri xatırladan və İlham Əliyevin yaratdığı bu idbar mənzərə tez bitsin deyə parolu şifahi dedim, qeyd etdilər. Axtarış zamanı dəfələrlə vəkilimin iştirakını tələb etsəm də, imtina etdilər. Yalnız idarəyə çağıracaqlarını dedilər. Sonra evdən götürdükləri əşya və sənədləri protokollaşdırıb məni evdən çıxardılar. Biz Baş Polis İdarəsinə çatanda saat 5 idi. Burada yadlarına düşdü ki, kompüterimin parolunu almayıblar, ona görə də yenidən yumruqla vurdular, amma artıq evdən uzaqda idim. Əllərində şantaj etmək üçün əsasları olmadığı üçün parolu vermədim. Ona görə də kompüteri söküb yaddaş qurğusunu çıxarıblar, bunu ittiham aktında da qeyd ediblər. Bundan sonra məni müstəntiqin yanına apardılar və vəkilsiz ifadə verməyəcəyimi dedim, o da vəkilim Şəhla Hümbətovaya zəng etdi. Şəhla xanım içəri girəndə müstəntiqin telefonunda budilnik çaldı. Zəngə azan səsini qoymuşdu. “Sübh namazının vaxtıdır”, - dedi. “Bu qədər idbarlıqdan sonra namaz da qılırsınız?” - deyə soruşdum. Susdu”, - jurnalist ifadəsinə davam edib.

Şəmşad Ağa bildirib ki, vəkilinin iştirakı ilə ifadə verdikdən sonra Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb:

“Burada da kobud rəftarla üzləşdim. Bir müddət isti kamerada saxlanıldıqdan sonra soyuq kameraya köçürüldüm və bir gün orada saxlanıldım. Fevralın 6-da məhkəməyə çıxarılıb, ədalətsiz və şəxsən İlham Əliyevin verdiyi qəddar siyasi qərarla üzləşdim. Tarix üçün deyim ki, bu ölkədə verilən bütün ədalətsiz siyasi qərarlar şəxsən Şərqin despot ölkə rəhbərlərindən olan İlham Əliyevin adı ilə bağlıdır”.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Geri qayıt