Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib
İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilibBu gün, 13:48. |
|
Həbsdə olan akademik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib. Civilazerbaijan.com bildirir ki, yaxınlarının məlumatına görə, noyabrın 2-də Qaradağ Rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi ilə bağlı təqdimatına baxılıb. Hakim Teymur Qurbanovun sədrlik etdiyi açıq məhkəmə iclasında təqdimat qismən təmin edilib. Məhkəmə Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib. İclasda talış dilində çıxış edən Əbilov ona istinad edilən intizam pozuntularının əsassız olduğunu bildirib. O deyib ki, cəzaçəkmə müəssisəsinin barəsində qəbul etdiyi bir sıra qərarlarla tanış edilməyib, ondan izahat alınmayıb. “Haqsızlığın qarşısında susmaq, boyun əymək olmaz. Ona görə də bu, kimlər üçünsə Don Kixotluq kimi görünsə də, nəticəyə heç bir təsiri olmasa da, mən susa bilmərəm”, - Əbilov bildirib. O, müəssisənin məhbuslar arasında qarışıqlıq yaratmaq, digər məhbuslara təsir göstərmək və milli nifrətə yönələn hərəkətlər etmək barədə iddialarını da qəbul etməyib. Əbilov bu ittihamların araşdırılması üçün məhbusların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinə baxılmasını istəyib. Tədqiqatçı talış dilində şeir yazılmış köynəyinə görə cəzalandırıldığını da deyib. O qeyd edib ki, köynəyin üzərindəki “Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misralarında dövlətə qarşı heç bir çağırış yoxdur. Əbilov şeirin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib. Əbilov bildirib ki, 2026-cı il iyulun 9-da Bakı İstintaq Təcridxanasında köynəyi əlindən alınıb, daha sonra zor tətbiq edilərək cərimə təcridxanasına salınıb. O, iki ay cərimə təcridxanasında saxlanıldığını, çarpayıya qandallandığını və bu müddətdə səhhətinin pisləşdiyini deyib. “Əgər talış dilində bir beytə görə mənə qarşı güc tətbiq edirlərsə, məni çarpayıya qandallayırlarsa, iki aylığına cərimə təcridxanasına salırlarsa və qapalı tipli həbsxanaya göndərirlərsə, onda ölkədə talış dilinin vəziyyəti barədə nə demək olar?!” - o bildirib. Əbilovun sözlərinə görə, cərimə təcridxanasında olduğu müddətdə xroniki bronxiti kəskinləşib, nəfəs almaqda çətinlik çəkib, lakin tibbi yardım göstərilməyib. Çıxışının sonunda o, Penitensiar Xidmətin təqdimatının təmin edilməməsini istəyib. Əbilov qərarın əvvəlcədən planlaşdırıldığını və intizam pozuntuları ilə bağlı sənədlərin saxtalaşdırıldığını iddia edib. “Bilin: burada ittiham edən tərəf onlar deyil, ittiham edən tərəf mənəm”, - o əlavə edib. İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə ittiham olunub. İ. Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, “yeganə cinayətinin” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsin qorunması olduğunu bildirib. Müxtəlif beynəlxalq insan haqları təşkilatları və BMT-nin bir sıra məruzəçiləri Əbilovu siyasi məhbus kimi qiymətləndiriblər. Geri qayıt |