Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Deputat Ağalar Vəliyevin ailəsinin vergi borcu olan şirkəti tender qazanıb

Deputat Ağalar Vəliyevin ailəsinin vergi borcu olan şirkəti tender qazanıb


Bu gün, 14:13.
title}


Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan, dövlətə vergi borcu olan “Crystal İnşaat” ASC həyata keçirəcək.

Civilazerbaijan.com
bildirir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi ilə bağlı keçirdiyi açıq tenderin qalibi məlum olub.

Dövlət Satınalmalarının Vahid İnternet Portalında açıqlanan məlumatlara görə, 42 milyon 980 min 647 manat 13 qəpik dəyərində tikinti işləri “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə olunub.

Tender 2026-cı il aprelin 30-da elan edilib. Satınalmanın ehtimal olunan qiyməti 44 milyon 170 min 799 manat müəyyənləşdirilib. Tender sənədlərinə bir neçə dəfə dəyişiklik edilib, sonuncu dəyişiklik iyulun 13-də qeydə alınıb. Təkliflərin qəbulu isə iyulun 27-də başa çatıb. Qalib şirkətin təklif etdiyi məbləğ ilkin ehtimal olunan qiymətdən təxminən 1 milyon 190 min manat aşağıdır.

43 milyonluq sifariş alan şirkətin vergi borcu var

2018-ci ildə dövlət qeydiyyatına alınan “Crystal İnşaat” ASC-nin nizamnamə kapitalı 4 min manatdir. Şirkətin hazırki qanuni təmsilçisi Elgün Qafil oğlu Məmmədovdur.

Noyabrın 4-nə olan məlumata görə, şirkətin dövlət büdcəsinə 14 min 373 manat 81 qəpik vergi borcu var.

“Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinə əsasən, satınalmada iştirak edən təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Şirkətin 2025-ci il üzrə audit hesabatına istinadla yayılan məlumatlarda onun illik əsas əməliyyat gəlirlərinin 16,9 milyon manat, xalis mənfəətinin isə 559,6 min manat olduğu göstərilir. Əvvəlki illə müqayisədə xalis mənfəət 4,4 dəfə artıb.

2025-ci ilin sonuna şirkətin aktivləri 7,4 milyon manat, öhdəlikləri isə 6,71 milyon manat təşkil edib.

Ağdamda muzey kompleksinin tikintisi üçün nəzərdə tutulan 43 milyon manata yaxın sifariş şirkətin 2025-ci il üzrə illik əməliyyat gəlirlərindən təxminən 2,5 dəfə çoxdur.

Şirkətin arxasında deputatın ailəsi dayanır

“Crystal İnşaat” ASC tikinti, istehsalat və xidmət sahələrində fəaliyyət göstərən “Crystal Group of Companies” ASC-nin tərkibinə daxildir. Şirkətlər qrupunun təsisçisi və Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir.

O, Milli Məclisin 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Ağalar Vəliyevin oğludur.

Ağalar Vəliyev uzun illər tikinti sektorunda fəaliyyət göstərib. O, həmçinin “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir.

Pərviz Vəliyev isə atasının rəhbərlik etdiyi “Azəraqrartikinti” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsini də tutur.

“Crystal Group of Companies” tərkibində “Crystal İnşaat”la yanaşı, “Crystal Beton”, “Crystal Pen”, “Crystal Nəqliyyat”, “Crystal Profil”, “Crystal Mebel” və digər şirkətlər fəaliyyət göstərir.

Meydan TV əvvəlləri bu biznes şəbəkəsinin Ağalar Vəliyev və onun ailə üzvləri ilə əlaqələri barədə araşdırmalar yayıb.

Muzeylərin yaradılması beş il əvvəl elan olunmuşdu

Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin yaradılması layihəsi ilk dəfə 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı ictimaiyyətə təqdim edilib.

Rəsmi konsepsiyaya əsasən, kompleks İşğal muzeyindən, memorial ərazidən və Zəfər muzeyindən ibarət olacaq. Muzeylər arasında Xatirə bağı yerləşəcək, şəhərdəki bəzi dağıntılar isə tarixi yaddaşın qorunması məqsədilə olduğu kimi saxlanılacaq, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt