Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Əli Kərimli Maqnitski mükafatına layiq görülüb
Əli Kərimli Maqnitski mükafatına layiq görülübDünən, 13:49. |
|
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli 2026-cı il beynəlxalq Maqnitski mükafatına layiq görülüb. Civilazerbaijan.com bildirir ki, bu barədə mükafatın təşkilatçıları rəsmi saytlarında məlumat yayıblar. Bildirilib ki, Əli Kərimli demokratiya və insan hüquqları uğrunda uzunmüddətli fəaliyyətinə görə “Görkəmli müxalifət siyasətçisi” nominasiyası üzrə qalib elan edilib. “Əli Kərimli uzun illərdir Azərbaycanda demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və vətəndaş azadlıqlarını müdafiə edən əsas müxalif siyasətçilərdən biridir. Onun həbsinin siyasi motivli olduğu bildirilir, saxlanma şəraiti və səhhətinin pisləşməsi ilə bağlı narahatlıqlar səsləndirilir”, - təşkilatçıların təqdimatında deyilir. Qeyd olunub ki, müxalifət lideri 2025-ci ilin noyabrında həbs edilib. Təşkilatçılar ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildiriblər: “Əli Kərimli saxlanıldığı müddətdə ciddi pis rəftara məruz qalıb və səhhəti sürətlə pisləşir. Avropa Parlamenti və beynəlxalq hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyır, dərhal azadlığa buraxılmasına çağırırlar”. Beynəlxalq Maqnitski mükafatı 2015-ci ildən insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və ifadə azadlığı sahəsində fəaliyyət göstərən siyasətçilərə, jurnalistlərə və fəallara verilir. Mükafat Rusiyada korrupsiya faktlarını araşdırdıqdan sonra həbs edilən və 2009-cu ildə həbsxanada ölən hüquqşünas Sergey Maqnitskinin xatirəsinə təsis olunub. Əli Kərimli 2025-ci ilin noyabrında əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilən şəxslərdən olub. Sonradan həmin işlər ayrılıb. AXCP sədrinə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. AXCP ittihamları siyasi motivli və əsassız hesab edir. Geri qayıt |