Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > 2027-ci ildən fermerlər üçün tam vergi güzəştləri ləğv oluna bilər
2027-ci ildən fermerlər üçün tam vergi güzəştləri ləğv oluna bilərBu gün, 15:08. |
|
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının ləğvi təklif olunur. Civilazerbaijan.com bildirir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib. Təkliflər qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu halda fermerlərin vergiyə cəlb olunan gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Güzəştdən yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan və gəlirini və ya mənfəətini vergi bəyannaməsində göstərən istehsalçılar yararlana biləcəklər. Bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha 5 il müddətinə saxlanılması təklif edilir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri üzrə mövcud vergi güzəştinin isə uzadılmaması nəzərdə tutulur. Dövlət Vergi Xidməti dəyişikliyi aqrar sektorda uçotun rəqəmsallaşdırılması, gəlirlərin rəsmiləşdirilməsi və mərhələli vergitutma modelinə keçidlə əsaslandırır. Qurumun hesablamasına görə, təklif edilən dəyişikliklər 2027-ci ildə dövlət büdcəsinə təxminən 14,1 milyon manat əlavə vergi gəliri gətirə bilər. Bəzi müstəqil iqtisadçıların fikrincə, kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulan 10 faizlik vergitutma ilkin mərhələdir və istehsalçılar vergi uçotuna cəlb edildikdən sonra bu yük tədricən artırıla bilər. Onlar hesab edir ki, dəyişiklik kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola, həmçinin kənd yerlərindən şəhərlərə miqrasiyanı sürətləndirə bilər, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |