Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub
Həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunubDünən, 18:28. |
|
"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) əməliyyat olunub. Civilazerbaijan.com bildirir ki, jurnalistin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı noyabrın 12-də Mərkəzi Gömrük Hospitalında baş tutub. Aynur Elgünəş bir müddət əvvəl böyrəyində yaranan ciddi problemlərə görə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü. Jurnalistin səhhətindəki problemlərlə bağlı oktyabrın 26-da Elçin Sadıqov da açıqlama yaymışdı. O, Aynur Elgünəşin vəziyyətinin getdikcə ağırlaşdığını, təcili əməliyyata ehtiyac olduğunu bildirmişdi. Vəkilin sözlərinə görə, xəstəxana əvvəlcə kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını, əməliyyat qərarının isə nəticələrə əsasən verilməsini istəyirdi. Sadıqov jurnalistin dəfələrlə əməliyyat olunduğunu, KT müayinəsi olmadan cərrahi müdaxilənin riskli hesab edildiyini, arterial təzyiqinin tez-tez dəyişdiyini və bədənində qançırlar yarandığını qeyd etmişdi. Həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsi vəkilin Aynur Elgünəş barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətini təmin etməmişdi. Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Onunla birlikdə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov da həbs olunublar. 2025-ci ilin fevralında “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre), martda Ülviyyə Əli (Quliyeva), avqustda isə fotoqraf Əhməd Muxtar da bu iş üzrə həbs ediliblər. İş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə ittihamlar irəli sürülüb. “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbs edilmələrini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər. Geri qayıt |