Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AXCP rayon şöbəsinin sədri 30 sutka həbs edilib

AXCP rayon şöbəsinin sədri 30 sutka həbs edilib


Dünən, 11:27.
title}


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə partiya onun ailəsinə istinadən məlumat yayıb. Bildirilir ki, E.Yusubov təcridxanadan ailəsinə zəng vuraraq həbsi barədə özü xəbər verib.

Rəsmi qurumlardan bu məlumata münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, 12 noyabrda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığını açıqlamışdı.

Partiyadan verilən məlumatda onun noyabrın 12-də səhər tezdən işə getmək üçün evdən çıxdığı və ona zəng çatmadığı bildirilirdi.

"Ailəsindən verilən məlumata görə, o, hər gün işə şəxsi avtomobili ilə gedir. Bu gün isə işə gedib çatmayıb, avtomobili də yerində qalıb. Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb", – AXCP-nin məlumatında qeyd olunurdu.

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bildirir.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.
Geri qayıt