Əsas Səhifə > Azərbaycan > Qənimət Zahidin qohumlarının cəzası azaldılıb
Qənimət Zahidin qohumlarının cəzası azaldılıb15-03-2017, 16:29. |
Martın 14-də Sumqayıt Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının işi üzrə yekun qərarını elan edib. Məhkəmənin qərarı ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun 6 illik həbs cəzası 1 il azaldılıb. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına ötən il iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov 6 il azadlıqdan məhrum edilib. Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Qənimət Zahid qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin tənqid olunması ilə əlaqələndirir. Apellyasiya Məhkəməsi gedən müddətdə Rüfət və Rövşən Zahidovlar qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama veriblər. Mənbə: "Amerikanın səsi" Geri qayıt |