Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Bəşir Süleymanlıya hökm oxunub

Bəşir Süleymanlıya hökm oxunub


Dünən, 21:54.
title}


Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Süleymanlıya hökm oxunub.

Civilazerbaijan.com
bildirir ki, hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edilib. Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

B.Süleymanlı ittihamların heç birini qəbul etmir. O, ifadəsində maliyyə vəsaitlərinin tamamilə qanuni yollarla əldə edildiyini, regionlardakı vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardım göstərilməsinə və seçkilərin monitorinqi kimi fəaliyyətlərə xərcləndiyini bildirib.

“QHT işi” üzrə indiyədək istintaqa 100-dən çox şəxsin, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərlərinin cəlb edildiyi bildirilib.

Bu iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına, ümumilikdə, Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham verilib. Həmin maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Geri qayıt