Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Çingiz Sultansoy. Toplum niyə susur: razıdır, ya narazıdır?

Çingiz Sultansoy. Toplum niyə susur: razıdır, ya narazıdır?


Bu gün, 11:51.
title}


Çingiz Sultansoy 27 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. 1990-cı illərdə "Jurnalist araşdırması" və "Kontakt" proqramlarının müəllifi və aparıcısı olub, müxtəlif nəşrlərdə məqalələri dərc olunub. "Hissizliyin anatomiyası", "Utanmağın anatomiyası" və "Azərbaycan. Prezident seçkiləri - 2003" filmlərinin ssenari müəllifidir. 2004 və 2009-cu illərdə "Media açarı" mükafatına layiq görülüb. Hal-hazırda Almaniyada yaşayır.

Civilazerbaijan.com
Çingiz Sultansoyun "Toplum niyə susur: razıdır, ya narazıdır?" yazısını təqdim edir:

Çingiz Sultansoy
TOPLUM NİYƏ SUSUR: RAZIDIR, YA NARAZIDIR?


Son vaxtlar şəbəkələrin Azərbaycan kəsimində və ölkə xaricində fəaliyyət göstərən müstəqil-müxalif mediada eyni sual müxtəlif formalarda təkrarlanır: ölkədə etiraz imkanları qalmadığı halda hakimiyyət niyə müxalif fəalların və jurnalistlərin təqibini davam edir? Bu il yalnız ToplumTV işində doqquz siyasətçi və media əməkdaşı on iki ildən on beş ilədək həbs cəzası aldı, daha əvvəl 17 il iş kəsilən də olub. Cəmiyyət onsuz da qorxu içindədir. İndi stalinsayağı həbs cəzalarına nə ehtiyac var? Bu sualın müxtəlif cavabları var, bəzi səbəbləri illər əvvəl yazmışam.

Repressiya səbəblərindən birini də göstərmək üçün təxminən qırx il əvvəl Bakıda baş vermiş bir hadisəni danışım.

YARADICI GƏNCLƏRLƏ GÖRÜŞ

1988-ci ilin sonu ya 1989-un əvvəli idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və komsomolun Mərkəzi Komitəsi Qarabağ problemiylə bağlı yaradıcı gənclərlə görüş təşkil etmişdi. Böyük akt zalında iki-üç yüz adam vardı. “Gənclik” jurnalından mən iştirak edirdim. Rəyasət heyətində komsomol MK-nın birinci katibi Sahib Ələkbərov, partiya MK-nın şöbə müdiri Əfrand Daşdəmirov və b. nüfuzlu şəxslər oturmuşdular. SSRİ-nin dağılmasına hələ iki il yarım qalırdı. Amma bu, bir çox ciddi adamın heç ağlına da gəlməzdi.

Xatırladım ki, Ermənistan və o vaxt “mərkəzi” adlanan Moskva mediası Qarabağın tarixən Ermənistana məxsusluğu və “tarixi ədalətin bərpası” mövzusunda əsl kampaniya aparırdı. Bakıdan Moskvaya göndərilən əks ruhlu məktublar nəzərə alınmır, yazılar çap olunmurdu. Ermənistandan təxminən 200 min azərbaycanlı çıxarılmışdı və çoxu Azərbaycana gəlmişdi. Bu səbəblərdən ölkədə gərginlik artırdı. Çox adam Azərbaycan hakimiyyəti və ən azı mətbuatının Qarabağla bağlı iddialarına cavab vermədiyindən narahat və narazı idi. Cəmiyyətin içində bir uğultu vardı, bu uğultu və narazılıq ilk mitinqlər, oradakı şüarlar şəklində təzahür etdi, amma bizim medianın əksəriyyəti heç nə olmamış kimi işləyirdi.

Qonşuların fasiləsiz təxribatı və ərazi iddiaları fonunda mətbuatımız sovet xalqlarının dostluq-qardaşlığından və beynəlmiləlçilikdən yazırdı. “Молодежь Азербайджана” qəzeti və “Gənclik”-“Молодость” jurnalı istisna, Azərbaycan mediasının hamısı, o cümlədən AzTV ya təxribatlar, xalqlar dostluğundan danışırdı ya da susurdu. “Azadlıq” və başqa müxalif qəzetlər hələ yox idi.

Görüş həmişəki qaydada başladı. Əvvəlcə təxribatlara uymamaq haqqında gözlənilən ütülü siyasi çıxışlar səsləndi. “Millətçiliyin ayrı-ayrı təzahürləri”, “emosiyalar ağıldan üstün olmamalı”, “təmkinimizi qoruyaq” kimi ifadələr, sözlər...

DİL UCUNDA HƏRLƏNƏN, VERİLMƏYƏN SUALLAR

Çıxışlar bitdi, sual-cavab başladı.

Suallar əvvəlcədən hazırlanmış və prezidiumun istəyinə uyğun, cavablar isə hər gün radio-televiziyada eşitdiyimiz qəliblər idi. Yeni heç nə yoxdu. Zalda oturan yüzlərlə adam bu saxta söhbətə qulaq asır, bir qismi iştirak edirdi. Hər şey saxta idi! Sovet İttifaqında bir çox şey kimi, elə indiki Azərbaycanda olduğu kimi saxta...

Bu “təxribata uymamaq” söhbəti hamını, o cümlədən, məni də bezdirmişdi. Amma sual vermək, ya çıxış etmək fikrində deyildim. “Ayrı-ayrı təxribatlar” kimi sözlər təkrarlandıqca, onsuz da dolu ürəyim daha da dolub partlamaq dərəcəsinə gəlmişdi. Susmaq çətinləşirdi. Dilimin ucunda sual hərlənirdi ki, təxribat iki-üç dəfə, beş dəfə olar. Bir təxribat ki, dalbadal və çox edilirsə, o təxribat deyil, siyasətdir.

Hiss edirdim ki, bu gecəni yata bilməyəcəm, ürəyim ağrıyacaq. Məni sual verməkdən çəkindirən işimi itirmək qorxusu idi. İtirəcəyim çox şey vardı. “Gənclik” jurnalında işə böyük çətinliklə və Bəxtiyar Vahabzadənin tapşırığıyla düzəlmişdim. Yazıçı olmaq istəyirdim, yazıçılığa gedən yol isə o zaman jurnaldakı işimdən keçirdi. Üstəlik, ailəm, iki qızım vardı, yeddi və doqquz yaşlı. İşimi və gələcəyimi qətiyyən riskə atmaq fikrim yox idi.

GÖZLƏNİLMƏZ VƏ QƏRİBƏ OLAY

Sual-cavab davam edirdi. Bir gənc qalxıb sual verdi ki, Azərbaycan mətbuatı erməni mətbuatının Qarabağla bağlı “tarixi ədalət” haqqında iddialarına niyə cavab vermir? Niyə mövqeyimiz açıq-aydın deyilmir? Bu, toplantıda Qarabağ mövzusuyla bağlı ilk həqiqi sual oldu. Hamı diqqət kəsildi.

MK-nın təbliğat şöbəsinin müdiri Əfrand Daşdəmirov bu suala maraqlı cavab verdi. O, partiyanın yazılmamış bir qanununu açıqladı - erməni kommunistlərinin səhvlərini erməni kommunistləri, Azərbaycan kommunistlərinin səhvlərini isə Azərbaycan kommunistləri deməlidir.

Bu vaxt gözlənilməz hadisə baş verdi. Sual verən gənc qayıtdı ki:

“Bağışlayın, Əfrand Firidunoviç, amma cavabınız məni qane etmədi”.

Bu sözlər yazılmamış yasaqların həddini aşmışdı. Mərkəzi Komitənin şöbə müdirinə belə söz demək olardı?! Sən kimsən ki, MK şöbə müdirinin sözü səni qane eləməsin? Sükut çökdü. Sahib Ələkbərov da, Əfrand Daşdəmirov da susdular. Mən də nəfəsimi dərmədən donub qalmışdım. Bu gəncin cəzası nə olacaqdı? Amma bir neçə uzun görünən andan sonra daha bir, daha da gözlənilməz hadisə baş verdi: qısa sükutdan sonra zalda gurultulu alqışlar qopdu!

Bu ana qədər saxta sualları və xalqlar dostluğu haqqında saxta cavabları sakitcə dinləyən adamlar bircə anda dəyişdi. Gurultulu alqışlar uzun müddət səngimədi. S.Ələkbərov səsini ucaldaraq sakitliyi qismən bərpa edə bildi və iclası əvvəlki məcrasına qaytarmaq üçün əl qaldıranlardan birinə söz verdi.
Amma daha bir, daha da gözlənilməz üçüncü hadisə baş verdi: söz verilən kimsə gözlənilən saxta sual yox, o gəncin sərt sualından daha sərt sual verdi.

Sahib müəllim başqasına söz verdi, o da saxta yox, həqiqi və sərt sual verdi. Daha sonra başqaları. Sərt sual yağışı, yox, leysanı başladı! Bunların heç biri artıq saxta deyildi, o gəncin verdiyi sualdan daha sərt və kəskin suallar idi. Böyük akt zalı qaynayırdı. Adamlar da, görüşün ab-havası da bir neçə saniyə ərzində tam dəyişmişdi! Sanki gözəgörünməz, amma qalın bənd uçmuş və selin qabağı açılmışdı...

Bu nə idi? Bu hadisə niyə və necə baş verdi?

SOLOMON AŞIN EKSPERİMENTİ

70 il əvvələ qayıdaq. 1950-ci illərdə yəhudi mənşəli amerikalı, sosial psixoloq Solomon Aş konformizmlə bağlı məşhur psixoloji eksperiment keçirmişdi. Sayı on beş nəfərə çatan qrupun iştirakçılarına çox sadə bir tapşırıq verilirdi - iki şəkildə göstərilən xətlərə baxmaq və tutuşdurmaq. Birinci şəkildə üç xət, ikincidə bir. Üç xətdən hansının uzunluqda ikinci şəkildəki xəttə bərabər olduğunu müəyyən etmək gərəkdi. Düzgün cavab göz qabağındaydı, оnu 4-5 yaşlı uşaq da tapa bilərdi.

Amma burada bir gizli məqam vardı. Qrup 10-15 nəfərlik olsa da, əslində psixoloji sınaq qrupun içindəki yalnız bir şəxs üzərində keçirilirdi. O şəxsdən başqa qrupun bütün üzvləri Aşın aktyorları idi, rol oynayırdılar. Özü də onlara əvvəlcədən eyni yalan-yanlış cavab vermək tapşırılmışdı. Yəni eksperimentin hər mərhələsində, hər təzə sınağında o bir nəfər xəbərsiz şəxs dəyişirdi, rol oynayan fon isə qalırdı. Qrup bilərəkdən yalan danışırdı, amma o bir nəfər isə bunu bilmirdi.

Aşın eksperimenti çox maraqlı psixoloju məqamı ortaya şıxardı: sınaqdan keçirilən şəxs bir çox hallarda qrupun ümumi fikrinə qarşı getməkdən çəkinir və öz fikrini demir, qrupun rəyini təkrar edirdi. Başqa sözlə, sınağın xəbərsiz iştirakçılarının böyük qismi gözü ilə gördüklərini yox, çoxluğun fikrini deyidi.

Solomon Aşın eksperimentində sınaqdan keçirilən həqiqi iştirakçıların təxminən 40% çoxluğun yalan cavabını təkrarlayırdı. Yəni qatığa “qara” deyirdi. Bu, birinci maraqlı məqamdır.

Eksperimentin növbəti mərhələsində Solomon Aşın tapşırığıyla aktyorlardan biri düzgün cavab verir, qrupun yalançı yekdilliyini pozurdu.

İkinci və xeyli daha maraqlı məqam isə odur ki, sınaqdan keçirilən şəxs heç olmasa bir düzgün cavab eşidəndə öz fikrini söyləməkdən xeyli az çəkinir, tək olmadığı üçün çoxluğun rəyinə qarşı daha ürəklə gedirdi. Tək qalmayanda, qrupun rəyinə qarşı gedən adamların sayı 5 dəfə artırdı! Deməli, bircə, bircəcik düzgün cavab qrupun psixoloji təzyiq gücünü 5 dəfə azaldırdı.

ANDERSENİN MƏŞHUR NAĞILI

Oxşar psixoloji mexanizm Solomon Aşın təcrübələrindən xeyli əvvəl bədii ədəbiyyatda təsvirini tapıb - danimarkalı Hans Kristian Andersenin (1805–1875) məşhur “Kralın yeni libası” nağılında. Nağıl konformizm - çoxluğa qoşulmaq, axınla getmək, həqiqəti dilə gətirmək qorxusu və hamının gördüyü bir həqiqətin kollektiv inkarı haqda alleqoriya kimi də oxunur.

Andersenin nağılında insanlar gerçəkliyi - kralın küçəyə çılpaq çıxmasını görür, lakin etiraf etməyə qorxur və kralın yeni paltarını tərifləyirlər. Yalnız bir uşaq sadəlövhlüklə “Kral lütdü ki?!” deyir, həqiqəti deyir və hamının susduğu yalanı ifşa edir. Uşaq insanlara yeni bir şey demir, yalnız bildikləri həqiqət ətrafında yaradılan sükutu pozur və onlar gördüyünü etiraf edərək gülməyə başlayır.

GƏNCLƏRLƏ GÖRÜŞDƏ PSİXOLOJİ MÜHİT

İndi isə Bakıdakı zala qayıdaq.

Orada təkcə çoxluğun təzyiqi hökm sürmürdü. Aşın psixoloji eksperimentindən fərqli olaraq, insanlar totalitar sovet dövlətində yaşayır, bu dövlətin hakimiyyət nümayəndələrinin qarşısında idilər. Açıq etirazın, sərt sualın ağır nəticələrini yaxşı anlayırdılar. Konformizmə, yəni sadəcə çoxluğa qoşulmaq meylinə, yeganə etiraz edən adam olmaq ehtiyatından başqa cəza qorxusu da vardı.

Hər kəs başqalarının saxta oyuna susmasını həm rəsmi mövqeyin dəstəyi, həm də çoxluğun mövqeyi sayırdı. Buna görə də insanlar onlara sırınmış oyunu oynayır, saxta suallar verir, saxta cavabları dinləyirdi. Bizə qarşı aparılan informasiya müharibəsi və real müharibə fonunda...

Məhz buna görə Əfrand Daşdəmirovun cavabına narazılığını açıq bildirən gənc islasın saxta-sakit axarını dağıdan böyük dalğa yarada bildi. Kiçik qiyam inqilaba çevrildi. O gəncin sözü hər bir iştirakçıya ayrı-ayrılıqda göstərdi ki, narazı olan təkcə o deyil. Cəmi bir dəqiqə əvvəl yekdillik kimi görünən oyunun və sükutun necə də aldadıcı və kövrək olduğu üzə çıxdı. Bircə həqiqət sözü ehtiyat, qorxu və konformizm divarını uçurdu və hamının ovqatını dəyişdirdi.

ƏSAS SUALIN CAVABI

Bu, çağdaş Azərbaycanın ictimai mühitinə də başqa bucaq altında baxmağa imkan açır.

Hakimiyyətin repressiyalarından bütün cəmiyyət, o cümlədən narazı kəsim də ehtiyatlanır, qorxur və susur. Beləcə, ictimai susqunluğun asanlıqla cəmiyyətin razılığı kimi qəbul edilə biləcəyi bir görüntü yaranır. Mühacirətdəki media, telekanallar bu sükutu pozsa da, susqunluq davam edir. Onun əsil səbəbi məlumatsızlıq yox, konformizm və qorxudur.

Solomon Aşın təcrübəsi bu hadisənin psixoloji mexanizmlərindən yalnız birini anladır. Hakimiyyət yaxşı bilir ki, sükut çox kövrək, mövcud stabillik və tarazlıq isə dayanıqlı deyil. Stabillik bircə nəfərin söylədiyi bir sözlə hər an pozula, sosial partlayış baş verə bilər. Dünya tarixi belə misallarla doludur.

Çin, İndoneziya, Rumıniya. Elə bizə ən yaxın 2011-ci ilin Tunisini götürək. Hakimiyyət jurnalistlərə, siyasətçilərə və fəallara məhz hər an baş verə biləcək sosial partlayışdan ehtiyatlandığı üçün stalinist həbs cəzaları verməyə başlayıb. Hakimiyyətin hamını niyə bu yolla susdurmağa və zərərsizləşdirməyə çalışdığının izahı da məhz budur.

O GƏNC KİM İDİ?

Bu yerdə o toplatıda sual verən və cavabdan narazılığını bildirən həmin gəncə qayıtmaq istəyirəm.

Görəsən, o, sual verməzdən əvvəl, ya etiraz edəndə, zal əl çalmağa başlayanda hansı hissləri keçirdi? Narahatçılıq, qorxu, sussam yaxşıdır, ağrımayan başıma dəsmal bağlamayım, sonra rahatlıq, daha sonra sevinc. Mən tək deyiləm, bəlkə də sual və etirazıma görə işimi itirməyəcəm...

Ona heç bir cəza verilmədi. O, işləməyə davam etdi.

İndiyədək sizdən gizlətdiyim bir məqamı deyim.

Həmin gənc mən idim. Həmin gün həqiqəti deməyə qorxurdum, amma dedim. Sadəcə, susa bilmədim, düşündüm ki, sussam ömrümün sonunacan susduğumu xatırlayıb əzab çəkəcəyəm. Bəzən susmamaq cəsarəti, ümumiyyətlə, cəsarət belə qorxudan qaynaqlanır.

Amma bu, xırda bir detaldır. Mən olmasaydım, bu iclasda yox, başqa bir iclasda başqa bir gənc tapılası, sözünü deyəsiydi. Əsas odur ki, Azərbaycanda belə gənclər olub, var, sabah da olacaq!..
Geri qayıt