Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Litva Azərbaycan və Aİ arasındakı vizasız gediş-gəlişə dəstək verəcək

Litva Azərbaycan və Aİ arasındakı vizasız gediş-gəlişə dəstək verəcək


Bu gün, 17:12.
title}


Litva 2027-ci ilin ilk yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edəcəyi dövrdə Azərbaycanla Aİ arasında viza liberallaşması gündəliyinin irəli aparılmasına dəstək göstərəcək.

Civilazerbaijan.com
bildirir ki, bunu noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib. Budris bildirib ki, viza rejiminin sadələşdirilməsi konkret nəticələr əldə etmək istədikləri istiqamətlərdən biridir:

“Bu sahədə müvafiq hüquqi proseslərə başlamaq lazımdır”.

Nazir Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsinin də gündəlikdə olduğunu deyib.

Ceyhun Bayramov isə Litvanın viza liberallaşması prosesinə dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, Litvanın Aİ Şurasına sədrliyi bu məsələnin irəli aparılması üçün əlverişli fürsət yaradır.

“Litvanın Aİ Şurasına sədrliyi viza liberallaşması gündəliyinin irəli aparılması üçün yaxşı fürsətdir”, – Bayramov deyib.

Onun sözlərinə görə, Aİ-nin mövcud qaydalarına əsasən, üzv ölkələr müstəqil viza liberallaşması siyasəti yürütmürlər və bu proses bütövlükdə Aİ adından həyata keçirilir. Bununla belə, üzv dövlətlərin mövqeləri əhəmiyyətlidir. Bayramov qeyd edib ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri yalnız turizmlə məhdudlaşmır, təhsil və biznes sahələrində də intensiv gediş-gəliş var.

“Viza liberallaşması bu əlaqələri asanlaşdırır və əlavə imkanlar açır. Hazırda Aİ üzv ölkələrinin vətəndaşlarının Azərbaycana səfərləri üçün sadələşdirilmiş viza prosedurları, o cümlədən elektron qaydada ASAN Viza sistemi tətbiq olunur. Lakin Azərbaycan bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına da hazırdır”, – o bildirib.

Bayramov, həmçinin məsələnin irəli aparılması üçün yalnız müzakirələrin deyil, hər iki tərəfdə müvafiq hüquqi proseslərin də yenidən başlanmasının vacibliyini vurğulayıb.

Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Litva Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Litva Prezidenti Gitanas Nauseda da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra ölkəsinin viza liberallaşması təşəbbüsünü dəstəklədiyini açıqlamışdı. Nauseda “X” hesabında yazmışdı ki, Litva Azərbaycanla Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq təşəbbüsünü dəstəkləyir.

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2013-cü il noyabrın 29-da Vilnüsdə imzalanıb və 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib. Saziş viza rüsumunun 35 avroya endirilməsini, eləcə də tələbələr, təqaüdçülər və jurnalistlər daxil olmaqla, bəzi kateqoriyalı şəxslərə vizanın ödənişsiz verilməsini nəzərdə tutur.

Bununla belə, Şengen zonasına vizasız gediş-gəlişi nəzərdə tutan viza liberallaşması üzrə Aİ-Azərbaycan dialoqu hələ başlamayıb. Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən Moldova, Gürcüstan və Ukrayna artıq bu rejimə keçib. Ermənistan isə viza liberallaşması üzrə dialoqa 2024-cü ildə başlayıb.
Geri qayıt