Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > İsveçrə nəsrindən seçmələr: "Baş tutmayan qonşuluq" kitabı nəşr olunub

İsveçrə nəsrindən seçmələr: "Baş tutmayan qonşuluq" kitabı nəşr olunub


Bu gün, 17:12.
title}


Tanınmış şair və tərcüməçi Azad Yaşar uzun illərdən bəri dünya ədəbiyyatından tərcümə edərək dilimizə qazandırdığı çoxsaylı mətnləri “Azad Yaşar çeviriləri” silsiləsi çərçivəsində ayrıca kitablar şəklində, həm də şəxsi vəsaiti hesabına çap etdirir. Onu da vurğulayaq ki, bu, Azərbaycan ədəbiyyatında hələlik ilk və bənzərsiz təcrübədir.

Civilazerbaijan.com
bildirir ki, İsveçrə xalqı dünya ədəbiyyatına öz dəsti-xətti ilə seçilən görkəmli söz ustaları bəxş edib. Bu ölkədə yaradılan nəsr nümunələrindən seçmələr isə yuxarıda adıçəkilən silsilənin 16-cı kitabında cəmlənib.



Kitabda Nobel mükafatçısı Herman Hessenin “Çiqler soyadlı birisi” və “Arzu fleytası”, Jak Merkantonun “Uğursuz sevgi”, Maks Frişin “Bir qəzanın stenoqramı”, Fridrix Dürrenmattın “Kolbasa” və “Oğul”, Adolf Muşqun “Baş tutmayan qonşuluq”, Peter Bikselin “Masanı “masa” adlandırmaq gərək” və “Yer kürəsi yuvarlaqdır”, Frans Hohlerin “Şərf” hekayələri toplanıb.

Bu mətnlərdə gündəlik həyatın müşkül və sıxıntılı durumlarında insanların sərgilədiyi psixoloji ovqat, mənəvi dəyanət isveçrəli yazarlar tərəfindən ən incə, ən dəqiq təfərrüatlarına qədər öz əksini tapıb.

Kitabda Azərbaycan oxucusuna təqdim olunan yazarların fotoları və qısa bioqrafiyaları, habelə giriş hissədə İsveçrə ədəbiyyatı barədə tanıtım məqaləsi yer alıb. Toplu işlənən mövzularla bağlı illüstrativ materiallarla da təmin edilib.



Həmçinin Azad Yaşarın İsveçrə ədəbiyyatı haqqında hazırladığı tanıtım yazısını oxucularımızın diqqətinə təqdim edirik:

"İsveçrə ədəbiyyatının ilk nümunələri hələ XIII əsrin ortalarında İsa peyğəmbərin ehyası (dirilişi) ilə bağlı dini mətnlər şəklində, həm də rahiblər tərəfindən yaradılıb.

Ölkədəki kantonların Roma imperiyasından qopmaq uğrunda apardığı mübarizə milli kimliyin və milli ədəbiyyatın formalaşmasına təkan verib. Bunun nəticəsində ölkədə tarixşünaslıqla bağlı əsərlərin yazılması böyük vüsət qazanıb. Həmin dövrdə tarixçi Egidus Çudi “İsveçrə salnaməsi” ilə nəsrdə, təbiətşünas Albrext fon Haller isə “Alp dağları” mətni ilə şeirdə bu ədəbiyyatın təməl daşlarını atıb.

XIX - XX yüzillərdə bu ədəbiyyatda realizm cərəyanını təmsil edən yazarlardan Y.Qotthelf, Q.Keller və K.F.Meyer əsl klassik mövqeyinə yüksəliblər. Bu ədiblər realizmi Avropadakından fərqli bir məcraya yönəltməklə, “İsveçrə ədəbiyyatı”nın özünəxas simasını şəkilləndirməyə nail olublar. 1920-ci ildən sonra bu ədəbiyyat ümumavropa və dünya məcrasına qayıtmağa başlayıb. Bu işdə isə Maks Frişin və Robert Valzerin xidmətləri danılmazdır. Nəticədə XX yüzildə isveçrəli iki yazıçı (Karl Şpitteler və Herman Hesse) ədəbiyyat üzrə Nobel mükafatı qazanıb...

İnanıram ki, eyni vaxtda alman və fransız dillərində yaradılan vahid İsveçrə ədəbiyyatından seçib, dilimizə çevirməklə, bu kitabda topladığım nümunələr bizim oxucularda onunla bağlı yetərincə dolğun bir təsəvvür yaradacaqdır".

Geri qayıt