Əsas Səhifə > Azərbaycan / Üst manşet > “Qələm” Yazarlar Birliyi təsis olunub

“Qələm” Yazarlar Birliyi təsis olunub


15-03-2017, 18:34.
title}
“Qələm” Yazarlar Birliyi təsis olunub

Beynəlxalq Mətbuat Mərkəzində “Qələm” Yazarlar Birliyinin təqdimat mərasimi keçirilib.

civilazerbaijan.com-ın məlumatına görə, Azərbaycanda yeni ictimai təşkilat - “Qələm” Yazarlar Birliyi təsis edilib. Bu barədə yeni təsis olunan yaradıcılıq qurumunun təqdimat mərasimində çıxış edən jurnalist Qurban Cəbrayıl məlumat verib.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantıda çıxışçı bununla bağlı deyib: “Bəşər övladı, dünya xalqları daş, ağac, dəri və sair üzərində müxtəlif işarələrlə fikir bildirənə, əlifba formalaşdırıb yazı vərdişləri əxz edənə qədər də çox zəngin mədəniyyət xəzinəsinə malik idi. Qələm-kağız qovuşuğunda baş verən tərəqqi, intibah isə əvvəl yaranmışların da əbədiləşməsi, tarixin yaddaşına həkk olunması ilə nəticələndi. Və min illərdir təkmilləşərək yol gələn bu prossesin alternativ variantı yoxdur. Doğrudur, elmi-texniki inqilablar, avtomatlaşdırma sayəsində yazı, nəşr, yayım işləri xeyli asanlaşdı, inkişaf tapdı. Amma qələm elə qələmliyində qalaraq, öz nüfuzunu, lazımlılığını, sərfəliliyini, dəstəyini qoruyub saxladı. Qələm həm də müqəddəsdir – Allah-təalanın Qurani-kərimdə and yerlərindən biridir: “Anda olsun qələmə və onunla yazılanlara…”

Qeyd olunub ki, “Qələm” Yazarlar Birliyi Azərbaycan yazıçılarının, jurnalistlərinin, şairlərinin, filosoflarının, araşdırmaçılarının, tərcüməçilərinin, ümumiyyətlə, söz-fikir adamlarının, daha çox da İslami, mənəvi-əxlaqi mövzularda yazıb-yaradan qələm sahiblərinin arzularının ifadəçisinə çevrilməyə çalışacaq: “Qurumun ayda bir dəfədən az olmayaraq keçiriləcək toplantılarında yeni işıq üzü görən kitabların təqdimatı, maraq doğuran əsərlərin müzakirəsi, əlamətdar tarixi hadisələr və yubileylərin keçirilməsi, yazarların hüquq və azadlıqlarının müdafiəsi, vətənimizə, dinimizə, mənəvi-əxlaqi dəyərlərimizə yönələn təhqir, böhtan, hədə dolu yazıların cavablandırılması, yanlış, həqiqətdən uzaq informasiyaların təkzibi və sair kimi məsələlər nəzərdə tutulmuşdur”.

Daha sonra tədbirə təşrif buyuran qonaqlara söz verilib. “Təhsil” jurnalının əməkdaşı, qocaman jurnalist İdris Hacızadə, DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu, “Məcməüş-şüəra” Ədəbi Məclisinin sədri, tarix elmləri doktoru, professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyi bədii tərcümə və ədəbi əlaqələr şöbəsinin müdiri Səlim Babullaoğlu, Azərbaycan Milli Ensiklopediyasının əməkdaşı Rüstəm Tofiq, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, siyasi elmlər doktoru, politoloq Rövşən Novruzoğlu, AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli, şairə Gülarə Munis, “Qazilər” saytının baş redaktoru Rey Kərimoğlu, fəlsəfə doktoru Mail Yaqub, şair-tərcüməçi Hafiz Rüstəm, “Qafqaz-media” İB-nın sədri Azadə Taleh, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Vahid Poeziya Evinin rəhbəri Rafiq Şirvanlı və başqaları çıxış edərək, arzu və təkliflərini bildiriblər.

Tövsiyələr sırasında həqiqi İslam maarifçiliyinin, vətənpərvərlik mövzusunda müsabiqələrin, mədəni-kütləvi tədbirlərin reallaşması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, humanitar sahədə elmi-tədqiqat işlərinin dərci və təbliğinə töhfə verilməsi istəkləri dilə gətirilib, ölkəmizin yaradıcı şəxslərinin, o cümlədən, sərhədlərimizdən kənarda yaşayıb taleyüklü problemlərimizin həllinə çalışan, ümumxalq maraq və mənafelərinin keşiyində duran insanların, bir sözlə, müstəqil Azərbaycanımızın hər bir dostunun təşkilata üzvlüyü arzuları səsləndirilib.

“Təqdimatdan sonra mərhələli şəkildə təşkilatı məsələlərə baxılacaq və “Qələm” Yazarlar Birliyinin rəsmi qeydiyyata alınması üçün müvafiq sənədləri hazırlanmaqla Ədliyyə Nazirliyinə müraciət olunacaq”, – deyə Qurban Cəbrayıl bildirib.

“Bahar mövsümünü yaşayırıq və Günəşin torpağa toxunan isti nəfəsi ana təbiəti oyandırmaqdadır. Ən böyük, şaxəli, qol-budaqlı ağaclar belə, bir toxumdan, qələmdən yaşam haqqı qazanıblar. Biz də Azərbaycan media məkanına, münbit düşüncələrə bir “Qələm” əkdik. İnşallah, cücərər, bitər, boya-başa çatar..!”
Geri qayıt