Əsas Səhifə > Azərbaycan > Səhlənkarlıqdan insan ölümünə səbəb olan vəzifəli şəxslər azadlıqdan məhrum edilə bilərlər - 7 il
Səhlənkarlıqdan insan ölümünə səbəb olan vəzifəli şəxslər azadlıqdan məhrum edilə bilərlər - 7 il20-04-2017, 15:15. |
Azərbaycanda işinə səhlənkar yanaşan vəzifəli şəxslərin ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi təklif edilir. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Hazırda səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə şəxs 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təklif edilən yeni layihəyə görə, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki, hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə və ya dövlətin, cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 1500 manatdan 3000 manatadək miqdarda cərimə, yaxud 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, ya da 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur. Eyni əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi təklif edilir. Geri qayıt |