Əsas Səhifə > Azərbaycan > İƏT baş katibi: "Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qəti və dəyişməzdir"
İƏT baş katibi: "Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qəti və dəyişməzdir"3-05-2017, 15:47. |
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İƏT-in Baş katibi Yusif Əl-Useymini qəbul edib. SİVİL.AZ xəbər verir ki, görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda nazir E. Məmmədyarov Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, islam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin keçiriləcəyini deyib. Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırıb. Bunun İƏT-Azərbaycan arasında əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunəsi olmaqla yanaşı, İƏT-BMT arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verdiyini də əlavə edib. E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O həmçinin 10-15 aprel 2016-cı ildə İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupu təsis edilməsinin vacibliyindən danışıb. Baş katib isə Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyini və bu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, ölkəmizin İslam dininin sülh, əməkdaşlıq və dostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb. E. Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının dağıdılması və məhv edilməsi siyasətini həyata keçirdiyini və bununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladaraq, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırdığını qeyd edib. Yusif Əl-Useymi İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıb. Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Geri qayıt |