Əsas Səhifə > Azərbaycan > IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda müzakirələr aparılıb

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda müzakirələr aparılıb


6-05-2017, 11:59.
title}
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda müzakirələr aparılıb


Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə - mayın 6-da təşkil olunan sessiyalardan biri də “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusuna həsr edilib.

SİVİL.AZ xəbər verir ki, sessiyanın moderatoru, BMT-nin Sivilizasiyalar Alyansının politoloqu xanım Natali Qiyom müzakirə olunan mövzunun aktuallığından danışıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sessiyada çıxış edərək deyib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur. Çoxqütblü sistemin formalaşması meyilləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. Təəssüf ki, hazırda onun mahiyyətini obyektiv şəkildə qiymətləndirə bilməyən yanaşmalar da var. Bu fikirdə olanlar hesab edirlər ki, guya inklüziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identikliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər. Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır və onun sayəsində dünya mədəniyyəti zənginləşərək bugünkü inkişaf səviyyəsinə çatıb.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək bu istiqamətdə fəal siyasət həyata keçirir. Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur. Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunur.

Bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi halların insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur etdiyini deyən Əli Həsənov bildirib ki, bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır.

Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezidentin sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bütün bunlar inklüziv dialoqun inkişafı, dünyada mövcud olan multikultural modellərin araşdırılaraq öyrənilməsi baxımından vacib əhəmiyyət daşıyır.

İnklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun gördüyü işlər barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, ötən illər ərzində Fond tərəfindən tarixi abidələrin təmir edilməsi və yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılıb və etnik qrupların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir.

“Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur. Bu mötəbər tədbirlərdə müəyyənləşdirilən fəaliyyət strategiyalarında mədəniyyətlərarası dialoqun möhkəmlənməsini və milli-etnik münasibətlərin tənzimlənməsini nəzərdə tutan prinsiplər öz əksini tapır”, - deyə Prezidentin köməkçisi qeyd edib.

BMT baş katibinin müavininin vəzifəsini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir çıxışında gənclərin qərarvermə proseslərində fəal iştirakının, gender bərabərliyinin təmin olunmasının inklüziv dialoq baxımından önəmini qeyd edib. Bildirib ki, inklüzivlik üçün cəmiyyətdə qütbləşməyə yol verilməməsi, qarşılıqlı dialoq, bərabər imkanların yaradılması mühüm rol oynayır. Bu baxımdan, təkcə dövlətlər yox, vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Biz elə bir gələcək qurmalıyıq ki, qanunun aliliyi təmin olunsun. Yalnız bu yolla problemləri, münaqişələri həll etmək daha asan olacaq. BMT-nin rəsmisi multikultural dəyərlərin təşviqi, tolerantlığın möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının gördüyü işləri yüksək qiymətləndirərək bu məsələni daim diqqətdə saxladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Mərakeş Krallığının Aqadir Beynəlxalq Universitetinin dosenti, beynəlxalq əlaqələr və əməkdaşlıq kafedrasının müdiri Mohammad Mohiddin Asiya ölkələrində mədəni, etnik müxtəlifliyin digər qitələrə nisbətən daha rəngarəng olduğunu vurğulayıb. O, Asiyanın sürətlə inkişaf edən bir sıra ölkələrində, xüsusən Malayziyada inklüzivliyi təşviq və təbliğ edən müxtəlif institut, təşkilat və cəmiyyətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə uğur qazanmaq üçün dialoq cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Biz bunun modelini Azərbaycanda görürük. Azərbaycanın təcrübəsi beynəlxalq birlik üçün örnək ola bilər.

BMT-nin siyasi məsələlər şöbəsinin baş vasitəçilik müşaviri Brendan Makalister çıxışında inklüzivliyin cəmiyyətdə təkcə harmoniyanın və dialoqun deyil, digər problemlərin də həllində mühüm rol oynadığını vurğulayıb. O, ölkəsində - İrlandiyada bu sahədə görülən işlərdən, eləcə də BMT-nin siyasi məsələlər şöbəsinin fəaliyyətindən bəhs edib. Bu cür səmərəli dialoq üçün əlverişli şərait yaradan Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirən Brendan Makalister IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

“ONUART” Fondunun vitse-prezidenti, səfir Xuan Antonio Març incəsənətdən istifadə edərək cəmiyyətdə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi baxımından mühüm nailiyyətlərin əldə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, incəsənət qarşılıqlı anlayış və hörmət üçün çox gözəl vasitədir. O, bu məqsədlə müxtəlif ölkələrin, xalqların, etnik azlıqların təmsil olunduğu mədəni tədbirlərin, konsertlərin təşkilinin vacibliyini yüksək qiymətləndirib.

Səfir Xuan Antonio Març Azərbaycanda inklüziv cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin onda xoş təəssürat yaratdığını vurğulayıb.

Sonra auditoriyanın sualları cavablandırılıb. (AZƏRTAC)
Geri qayıt