Əsas Səhifə > Azərbaycan > Tural Həsənov Mərkəzi Avropa Diplomatiya Akademiyasındakı konfransda erməni təmsilçisini susdurdu
Tural Həsənov Mərkəzi Avropa Diplomatiya Akademiyasındakı konfransda erməni təmsilçisini susdurdu19-05-2017, 00:11. |
Varşava İqtisadiyyat Universitetinin Siyasi Elmlər üzrə Tədqiqat Mərkəzi Avropa Diplomatiya Akademiyası ilə birgə “Avropa İttifaqının Cənubi Qafqazdakı rolu” mövzusunda konfrans keçirib. SİVİL.AZ xəbər verir ki, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Konfransın “Azərbaycan-Avropa İttifaqı münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin bu münasibətlərdəki rolu” mövzusuna həsr olunan panel iclasında çıxış edən Fransada beynəlxalq hüquq üzrə təhsil almış və hazırda yüksək təhsilini Avropa Kollecində davam etdirən həmyerlimiz Tural Həsənov Avropa İttifaqının münaqişə ilə bağlı passiv rolunu və nümayiş etdirdiyi ikili standartları tənqid edib. O bildirib ki, Avropa İttifaqı münaqişəsinin həlli məsələsində daha aktiv olmalıdır. Ermənistanın Amerika Universitetinin təmsilçisi Tatevik Azizyanın konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini müdafiə etmək cəhdi həmyerlimizin arqumentləri qarşısında kölgədə qalıb. T.Həsənov Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etdiyini, nəticədə bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, müharibə zamanı Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədildiyini vurğulayıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsini qınayan və ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təsdiq edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə təcavüzkar qüvvələrin işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib. Digər beynəlxalq təşkilatlar da oxşar sənədlər qəbul ediblər. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edir, həmin ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirərək status-kvonun möhkəmlənməsinə çalışır. Həmyerlimiz vurğulayıb ki, beynəlxalq hüquqa əməl olunmalıdır. Beynəlxalq ictimaiyyət bununla bağlı qətiyyətli mövqe nümayiş etdirməli, Ermənistana təzyiq göstərməlidir. (AZƏRTAC) Geri qayıt |