Əsas Səhifə > Azərbaycan > Almaniyadakı azərbaycanlılar Rusiya Prezidenti Putinə müraciət edib

Almaniyadakı azərbaycanlılar Rusiya Prezidenti Putinə müraciət edib


22-05-2017, 13:06.
title}
Almaniyadakı azərbaycanlılar Rusiya Prezidenti Putinə müraciət edib


Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyətinin, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Avropa Əməkdaşlıq Forumu Təşkilatının idarə heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

SİVİL.AZ xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Almaniyadakı Azərbaycan diasporunun bəyanatında bildirilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycan ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin tam hüquqlarının qorunması üçün bütün şərait yaradılıb.

Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir.

Bəyanatda deyilir: “Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi qərar subyektiv xarakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil”.

Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər.

Sonda diaspor təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik addımlar atmamağa, Rusiyanın bəzi dövlət orqanlarını isə antiazərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır.
Geri qayıt