Əsas Səhifə > Azərbaycan > Nazir müavini: “ADU-da tələbələrin fikirləri nəzərə alınmaqla sabah qərar qəbul ediləcək”
Nazir müavini: “ADU-da tələbələrin fikirləri nəzərə alınmaqla sabah qərar qəbul ediləcək”30-05-2017, 15:00. |
“Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək”. SİVİL.AZ-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək. Nazir müavini qeyd edib ki, sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: “İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir”. Nazir müavini qeyd edib ki, hər tələbə təhsil aldığı 4 ildə yaxşı nəticə göstərmək, yüksək səviyyədə dövlət imtahanı vermək, bakalavr diplomu almaq, əmək bazarına daxil olmaq barədə düşünməlidir. Tədris ilinin sonunda ortaya çıxan hansısa sürprizə reaksiyalar başadüşüləndir: “İmtahanlarda yeniliklər barədə qərar Elmi Şurada qəbul edilir. Uzun illər ADU-da yekun dövlət imtahanlarının formatı fərqli olub. 91 baldan yuxarı olanlar buraxılış işi yazıb, digərləri isə hesabat veriblər. 2016-cı ilin iyun ayında Elmi Şura 2016/17-ci tədris ilindən etibarən dövlət imtahanının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Tələbələrin əsas narazılığı materialların, mövzuların adlarının dekabrda dərc olunması, sorğuların yanvarda verilməsidir. Bundan başqa tələbələr mövzuların, fənlərin sayının çoxluğundan şikayət edilər, bildirirlər ki, 8 fənn üzrə materialın öhdəsindən gəlmək çətindir”. Qeyd edək ki, universitetin tələbələri dövlət imtahanının bərpasına etiraz edirlər. (APA) Geri qayıt |