Əsas Səhifə > Azərbaycan > Dünyada analoqu olmayan 57 saylı səyyar alternativ şəfa mərkəzi

Dünyada analoqu olmayan 57 saylı səyyar alternativ şəfa mərkəzi


31-05-2017, 00:44.
title}
Dünyada analoqu olmayan 57 saylı səyyar alternativ şəfa mərkəzi


Hörmətli bakılılar və şəhərimizin qonaqları!

İlin-günün bu vaxtında qiymətlərin cib yandırdığını və sağlamlığında problemləri olan insanların xəstəxanalara üz tutmağa imkanları olmadığını nəzərə alaraq sizə ən sərfəli qiymətə, cəmi 20 qəpiyə dünyada analoqu olmayan alternativ tibb xidmətləri barədə məlumat vermək istəyirəm. Hər kəsin stress içərisində yaşadıını nəzərə alsaq sağlam adam tapmaq çətindir. Buna görə də düşünürəm ki, təqdim etdiyimiz alternativ tibb üsulu hamınıza faydalı olacaq. Odur ki, diqqətinizi bizdən ayırmayın.

57 saylı marşrut xətti səyyar alternativ tibb xidmətləri göstərmək üçün yolunuzu gözləyir. Avtobusda qansız, cərrahi müdaxilə olmadan öd və böyrək daşlaının salınması əməliyyatı həyata keçirilir- cəmi 20 qəpiyə.

Əgər sürücümüzü qəzəbləndirsəniz və ya qəzəblənməsə belə onu yolda “abqon” edən digər avtobusu görərsə, o hərəkət etdikcə içərisindəki bütün oturacaqları qapısı pəncərəsi şaqqıldayan möcüzəvi aparatını sürətləndirərək bütün daxili orqanlarınızın yerdəyişməsi prosesini də həyata keçirə bilər.

Nə dediniz? Belə şəraitdə kəllə-beyin travması da almaq olar? Qorxmayın, bu günə qədər pasiyentlərimizdən, üzr istəyirəm, sərnişinlərimizdən ölən olmayıb. Uzaq başı, beyin silkələnməsi ola bilər ki, bu da öz növbəsində, böyük dühaların yetişməsinə və elmin inkişafına xidmət edir.

Unutmusunuzmu, Nyuton Yerin cazibə qanununu başına alma düşməsi nəticəsində kəşf edib. 57 saylı marşut xətti hər birinizə Nyutondan daha ağıllı olmaq şansı təqdim edir. Üstəlik, edəcəyiniz kəşf Nobel mükafatına layiq görülərsə, 20 qəpik verib milyonçu ola bilərsiniz. Bu avtobusa verilən 20 qəpik özünü artıqlaması ilə doğruldur və böyük rentabellilik təşkil edir. Gələcəyinizə 20 qəpik yatırım qoyun.

Səyyar alternativ tibb mərkəzimizdə masaj xidmətlərindən də faydalana bilərsiniz. Basabasda getməyə alışmış peşəkar sərnişinlərimiz təpik, dirsək, yumruq, tapdama, sürtünmə, itələmə kimi üsullarla günə aktiv başlamanıza yardımçı ola bilərlər.

Öz aramızda qalsın, sevmədiyinz biri varsa avtobusun təkərüstü oturacaqlarında əyləşdirməklə bu problemi kökündən həll edə bilərsiniz. Killerin beş min manata edəcəyi işi 57 saylı avtobus 20 qəpiyə həll edir. Heç bir cinayət izi qoymadan.

Eyni zamanda alternativ tibb mərkəzi estetik xidmətlər də göstərir. Üz, çənə, burun, diş formalarının ən qısa zaman kəsiyində dəyişdirilməsi, göz altına qalıcı tatu döydürülməsi mümkündür.

Pensiyaya erkən çıxmaq istəyən vətəndaşları da 57 saylı marşrutda gözləyirik. Rüşvət və sair yollarla ala bilmədiyiniz statusa burda asanlıqla sahiblənə, birinci, ikinci, üçüncü qrup əlil adını qazana bilərsiniz. Beləliklə, sosial rifahınız da xeyli yüksələr.

Bir qədər də sürücülərimiz haqqında. Müştəri tutmaq üçün ən sıx tıxac olan yollarda belə Şumaxeri geridə qoyan sürücülərimizin hər biri Qran –Pri mükafatına layiq olacaq səviyyədədirlər. Sizin üçün həyatlarını və başqalarının həyatlarını riskə atmağa çəkinməyən bu insanların istedadı göz yaşardır. Əminik ki, formula -1 yarışlarında onların da qabiliyyəti layiqincə qiymətləndiriləcək.

Və sonda unutmayın - 57 reklam deyil, yaşam tərzidir.

İlhamə Rəsulova
Geri qayıt