Əsas Səhifə > Azərbaycan / Manşet > "Ermənistan ordusu işğal etdiyi bəzi mövqeləri qaytara bilər" -
"Ermənistan ordusu işğal etdiyi bəzi mövqeləri qaytara bilər" -1-06-2017, 10:45. |
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir. Çünki Azərbaycanla Ermənistanla arasında müharibə yenidən qızışsa, bu ilk növbədə Rusiyanın ziyanına olacaq. Ona görə də rəsmi Moskva tərəflərə müxtəlif mesajlar göndərir və bu məsələnin hər vəchlə həlli üçün addımlar atır. Lakin Ermənistan hər şeyini verib Rusiya ilə ağlasığmayan ittifaq yaratmaqla mövcud status-kvonu saxlamaq və münaqişənin həllinin uzanmasını istəyir. Amma bu məsələ gec-tez həll olunmalıdır. Bunu hamı başa düşür, Ermənistandan başqa..." SİVİL.AZ xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Moskvada baş tutan görüşünü şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib. Onun fikrincə, Moskvada keçirilən görüşdə bir neçə məsələ müzakirə olunub. Ekspert onların arasında sensasion hesab edilə biləcək ehtimalın reallaşa biləcəyini də istisna etməyib: "Ötən ilin aprel döyüşlərindən sonra Rusiya münaqişənin həlli ilə bağlı bir neçə təşəbbüslə çıxış edib. Belə ki, Azərbaycan və Ermənistan prezidentlərinin əvvəlcə Vyanada, sonra Sankt-Peterburqda görüşləri təşkil edilib. Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin indiki Moskva görüşü isə ilk növbədə cəbhə bölgəsində hərbi toqquşmaların qarşısını almağa yönəldilib. İkincisi, məncə görüşün nəticələrinə əsasən, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindəki hansısa mövqelərdən geri çəkilə və bəzi əraziləri geri qaytara bilər. Çünki bu Azərbaycanın istəyi, tələbi və sülhə aparan yeganə yoldur. Məncə görüşdə bu iki əsas mövzu müzakirə edilib. Lakin region ətrafındakı, Suriyada baş verən hadisələr, eləcə də Azərbaycan-Rusiya və Rusiya-Ermənistan hərbi əlaqələri də müzakirə ediləcək. Qeyd etməliyəm ki, Rusiyanın "İskəndər" raketlərini Ermənistana verməsindən sonra İrəvan işğalçı siyasətində və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmamaqda daha israrlı olub. Məhz bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərləri bir düyməni basmaqla Bakını hər an vura biləcəkləri ilə hədələməyə başladılar". Qeyd edək ki, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 26-da MDB-nin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Görüşdən sonra Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin xüsusi görüşü keçirilib. Geri qayıt |