Əsas Səhifə > Azərbaycan > Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində müzakirə olunub
Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində müzakirə olunub1-06-2017, 13:57. |
Sərsəng su anbarı ilə bağlı məsələ Avropa Parlamentində qaldırılıb. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Avropa Parlamentində Sərsəng su anbarı ilə bağlı tədbir keçirilib. Avropa Parlamentinin üzvləri İvo Vayql, Tamaş Mesiriç və Fabio Kastaldonun iştirakı ilə keçirilən tədbirdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında olan Sərsəng su anbarının ətraf rayonların əhalisi üçün yarada biləcəyi humanitar fəlakətə xüsusi diqqət yetirilib. “Dağlıq Qarabağ münaqişəsi: Sərsəng bu “dondurulmuş münaqişənin” buzlarını əridə bilərmi?” adlı tədbirə ekspert qismində Britaniya Kral Kollecinin təmsilçisi Trasey Cerman, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri Marina Naqayi, LİNKS təşkilatının direktoru Denis Sammut və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren qatılıblar. Avropalı parlamentarilərin dəvəti əsasında Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak edib. Tədbiri açan İvo Vayql Sərsəng su anbarının Ermənistanın nəzarəti altında olduğunu, gərəkli texniki baxışların və təmirin həyata keçirilmədiyini bildirərək, onun doğurduğu risklərdən söz açıb. O, bölgədə yaşayan Azərbaycan əhalisi üçün böyük təhlükələrin olduğunu narahatlıqla qeyd edib. Sərsəng su anbarı Ermənistanın təzyiq vasitəsidir Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi Torsten Ahren əhalinin təsərrüfat fəaliyyətinin dəstəklənməsi məqsədilə tikilmiş Sərsəng su anbarının hazırda Ermənistan tərəfindən bir təzyiq vasitəsi kimi istifadə edildiyini və bunun qəti qəbuledilməz olduğunu diqqətə çatdırıb. Belə vəziyyətin ortadan qaldırılması üçün münaqişə tərəfləri arasında əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkən Aİ rəsmisi bu istiqamətdə İttifaqın hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri Marina Naqayi Dağlıq Qarabağ münaqişəsini dünyada mövcud olan ən mürəkkəb münaqişələrdən biri kimi səciyyələndirib. Lakin bunun humanitar məsələlərdə tərəflərin ortaq məxrəcə gəlməsinə əngəl yaratmamalı olduğunu qeyd edib. O, köhnəlmiş texnologiyalarla istismar olunan Sərsəng su anbarının bölgədə baş verəcək hər hansı bir zəlzələyə qarşı dayanıqsız olduğunu və ciddi humanitar fəlakətlərə səbəb ola biləcəyini vurğulayıb. Britaniya Kral Kollecinin təmsilçisi Treysi Cerman Sərsənglə bağlı problemin ciddiliyinə diqqət çəkərək məsələnin humanitar fəlakətə səbəb olmaq potensialı haqda hər kəsin düşünməli olduğunu xatırladıb. O, təkcə münaqişə tərəflərinin deyil, regionda maraqlı olan tərəflərin və bütün əsas beynəlxalq təşkilatların məsələnin həlli üçün səy göstərməli olduğunu qeyd edib. Onun fikrincə, ancaq bu yolla sözügedən problemin fəlakətə çevrilməsi riskinin qarşısı alına bilər. LİNKS təşkilatının direktoru Denis Sammut Dağlıq Qarabağ münaqişəsinin geosiyasi reallıqlarını önə çəkərək, diqqəti bu münaqişədən və onun nəticələrindən əziyyət çəkən insanların üzləşdiyi humanitar problemlərə yönəltməyin vacibliyini qeyd edib. Bildirib ki, Sərsəng problemi Dağlıq Qarabağ münaqişəsi nəticəsində ortaya çıxan məsələdir və bu məsələyə görə 100 minlərlə insan əziyyət çəkir. Ekspertin fikrincə, Sərsəng probleminin həlli istiqamətində atılacaq addımlar bütövlükdə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etimadyaradıcı addımlar kimi səciyyələndirilə bilər. Münaqişənin həlli ilə Minsk qrupunun məşğul olması iddiası doğru deyil Dinləmələrdə iştirak edən Ermənistan təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yalnız ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə aid olduğunu bildirərək, mövzunun Avropa Parlamentinin gündəminə çıxarılmasının məqsədəuyğun olmadığını bildiriblər. Ermənistan səfirliyinin müşavirinin tədbirlə bağlı iradlarına cavab olaraq İvo Vayql bildirib ki, münaqişənin həlli ilə yalnız Minsk qrupunun məşğul olmasının iddia edilməsini doğru hesab etmir. Minsk qrupu münaqişə ilə bağlı mövcud olan bütün sualların cavabı deyil və beynəlxalq ictimaiyyət, xüsusilə Avropa təsisatları bu münaqişəyə və onun doğurduğu nəticələrə daha çox diqqət ayırmalıdır. Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev işğal nəticəsində Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi, bunun Dağlıq Qarabağ və ətraf bölgələr üçün yaratdığı problemlər haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. Milli Məclisin deputatı Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının bu problemdən ən çox zərər çəkdiyini, bu rayonlarda əhalinin içməli və təsərrüfat suyundan məhrum olduğunu, nəticədə dinc əhalinin əsas gəlir sahələri olan kənd təsərrüfatı ilə məşğul ola bilmədiyini, bütün bunların regionun sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Sərsəng su anbarında hər hansı bir təbii fəlakət və ya subyektiv səbəblərdən qəza baş verəcəyi təqdirdə sözügedən 6 regionun və təxminən yarım milyon əhalinin su altında qalacağını vurğulayaraq beynəlxalq təşkilatları humanitar fəlakət təhlükəsinə laqeyd qalmamağa çağırıb. C. Feyziyev Ermənistanın Sərsəng su anbarından azərbaycanlılara qarşı silah kimi istifadə etməsinin heç bir beynəlxalq hüquq prinsiplərinə və etik normalara sığmadığını bildirib. Qeyd edilib ki, Ermənistan Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etmədən bol yağıntılı dövrlərdə Sərsəngdən böyük həcmdə su buraxmaqla daşqınlara, yayda isə suyun önünü kəsməklə quraqlığa səbəb olur. Cavanşir Feyziyev, həmçinin Sərsəng su anbarından buraxılan su ilə axıdılan partlayıcı maddələrin təsərrüfatda işləyən insanların, hətta bəzən uşaqların da ölümünə və yaralanmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 2016-cı ilin yanvar ayında AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı işğalçı qüvvələrin həmin ərazidən dərhal çıxarılmasını tələb edən qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan bu günədək onu icra etməyib. O, vəziyyətin dözülməz xarakter aldığını vurğulayaraq beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və Avropa Parlamentini bu humanitar fəlakətin aradan qaldırılması üçün daha fəal rol oynamağa və Ermənistana qarşı müvafiq təzyiq tədbirləri görməyə səsləyib. Sonda tədbirin təşkilatçıları və münaqişə üzrə tanınmış ekspertlər məsələnin daim diqqət mərkəzində saxlanılmasının və ən qısa müddətdə Sərsəng probleminin həlli üçün konkret təkliflər hazırlanmasının vacibliyini vurğulayıblar. Geri qayıt |