Əsas Səhifə > Azərbaycan > Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat:

Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat:


6-06-2017, 19:33.
title}
Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat:


Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il mayın 29-dan iyunun 4-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

SİVİL.AZ bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 29 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 13 nəfər tutulub, itkin düşmüş hesab olunan 3 nəfərin yeri müəyyənləşdirilib, dövlətə borclu qismində axtarılan 56 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 8 avtomat silahı, 13 tapança, 66 yivli və yivsiz tüfəng, 53 ədəd əl qumbarası, 25 ədəd silah sandıqçası, 29 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7145 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 15 fakt aşkar olunub və nəticədə 600 qram marixuana qanunsuz dövriyyədən çıxarılıb, ümumi çəkisi 10 ton 306 kiloqram olan 39 min 396 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı sərhədyanı rayonların ərazisində törədilən 16 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Geri qayıt