Əsas Səhifə > Azərbaycan > Siyavuş Novruzov: "Dövlət strukturlarında islahatlar davam etdiriləcək"
Siyavuş Novruzov: "Dövlət strukturlarında islahatlar davam etdiriləcək"7-06-2017, 11:01. |
"Dövlət strukturlarında islahatlar davam etdiriləcək, bu təkcə administrasiya ilə bitməyəcək, digər sahələrdə də biz bunun şahidi olacağıq". SİVİL.AZ xəbər verir ki, bunu musavat.com-a müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, bu məsələlərdə bütün səlahiyyətlər prezidentə aiddir: "Artıq çevikliyin təmin olunması, həm iqtisadiyyatda, həm sosial sahədə, həm kənd təsərrüfatında həyata keçirilməsi üçün yeni strukturlara ehtiyac var idi. Bəzi strukturlarda təkmilləşmə işi aparılmalı idi, bəzilərində yenə də bu işlərin aparılması zərurəti var. Bunların hamısı təbii ki, dövlətin inkişafı ilə, dünyada baş verən hadisələrlə, o cümlədən Azərbaycanın həyatında, iqtisadi islahatlarda və digər sahələrdəki irəliləyişlərlə əlaqədar olan məsələlərdir". S. Novruzov deyib ki, bu islahatlar da daxil olmaqla hakimiyyət təkmil formada 2018-ci il seçkilərinə gedir. Bu seçkilərdə kimin namizəd olacağına gəldikdə S. Novruzov deyib: "Bu məsələ YAP-da müzakirə olunmayıb, bu, partiyanın rəhbər strukturunun, qurultayının qərarından asılıdır". Millət vəkili deyib ki, islahatlar zamanı həm gənclər təyin olunur, həm yaşlı nəslin nümayəndələri öz iş təcrübəsi, bacarığı ilə əlaqədar dövlətin gələcək inkişafında öz xidmətlərini göstərir, həm orta nəslin nümayəndələri fəaliyyətdədirlər: "Hər bir şəxsin xidmətləri nəzərə alınır və bu xidmətlər də vacib olan şərtlərdəndir. İnsan xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edirsə, təbii ki, struktur da dəyişə, islahat da gedə bilər, lakin o insanın potensialından, savadından, biliyindən dövlətimiz istifadə edəcək. Bu cür insanlar var və hər bir təyinatda bunun şahidi oluruq". Geri qayıt |