Əsas Səhifə > Azərbaycan / Üst manşet > Yol polisi "Formula 1"-ə hazırlıqla əlaqədar sürücülərə
Yol polisi "Formula 1"-ə hazırlıqla əlaqədar sürücülərə17-06-2017, 13:20. |
"Formula 1" Azərbaycan "Qran-prisi"nə hazırlıqla əlaqədar paytaxtın Dənizkənarı Bulvar boyu Azneft dairəsindən Neftçilər prospekti ilə Azadlıq meydanı istiqamətində sıxlıq yaşanır. SİVİL.AZ-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu süni sıxlığın yaşanmaması və hərəkət istiqamətində ləngiməmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan istənilən istiqamətə hərəkət etməyi tövsiyə edir. Eyni zamanda sürücülərə 20-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi daxili yolu ilə istənilən istiqamət üzrə, eləcə də Bakı Su İdman Kompleksinin yanından Bayıl qəsəbəsi və digər istiqamətlər üzrə, Bayraq meydanından və “Dalğa Plaza” kimi tanınan inzibati binanın yanından Mikayıl Hüseynov küçəsi ilə Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn küçələri və Parlament prospekti istiqamətində hərəkət etmək üçün şərait yaradılıb. V. Əsədov qeyd edib ki, "Formula 1" yarışları ilə bağlı sürətlə hazırlıq işləri aparılır: “Artıq son tamamlama işləri gedir. Hazırda Neftçilər prospekti üzrə qoyulmuş maneələr və rənglənmə işləri ilə əlaqədar yol daralır. Bu da nəqliyyatın həmin istiqamətdə sıxlığının yaşanmasına səbəb olur. Yarışla bağlı yollar hələ tam bağlanmayıb, amma hazırda bu yollarda keçidlərdə problemlər yaşanır. Ona görə də sürücülərdən xahiş edirik ki, tövsiyəmizi nəzərə alsınlar”. V. Əsədov bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməlidir: “Çünki bu yollar üzrə son tamamlama işlərinə başlanır. Yaxşı olar ki, bu ərazilərdə süni sıxlıq yaşanmaması üçün bu tövsiyəni nəzərə alsınlar”. Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar Bakıda Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi 19 iyun gecə saat 00:00-dan nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Yarışlar 23-25 iyun tarixlərində keçiriləcək. (APA) Geri qayıt |