Əsas Səhifə > Azərbaycan > Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir
Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir2-10-2017, 17:07. |
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM Beynəlxalq Qeyri-zorakılıq günün həsr olunan tədbir keçirilib. SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, tədbirdə İSİM-in həkim metodisti Raisə Əhmədova bildirib ki, Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu aparılıb: "Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən qadının öz statusunu necə dərk etməsinin vacib göstəricisi olan evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb. Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını qeyd olunan hər hansı səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır". Raisə Əhmədova bildirib ki, sorğuda həmçinin yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınlar iştirak ediblər: "15-19 yaş kateqoriyasında olanlardan 14 nəfər (3,5%), 20-24 yaş arası 40 nəfər (10,0%), 25-29 yaş arası 59 nəfər (14,8%), 30-34 yaş arası 41 nəfər (10,3%), 35-39 yaş arası 37 nəfər (9,3%), 40-44 yaş arası 43 nəfər (10,8%), 45-49 yaş arası 56 nəfər (14,0%) və 50-54 yaşları əhatə edən kateqoriyadan 55 nəfər (13,8%) sorğuda iştirak ediblər. Sorğuda iştirak edənlərdən 216 nəfəri (54%) tam orta təhsilli, 84 nəfəri (21%) orta ixtisas təhsilli, 42 nəfəri (10,5%) ali təhsilli, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almayanlardır". Qeyd olunub ki, zorakılığa məruz qalan insanlar Azərbaycan Uşaq Qaynar Xətt Xidməti (tel.: 012 - 480-22-80) və Zorakılıqla bağlı Qaynar Xətt Xidmətinə (012- 480-38-75) məlumat verə bilərlər. Geri qayıt |