Əsas Səhifə > Azərbaycan > "Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq" -
"Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq" -6-11-2017, 18:03. |
"Hər kəsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var”. SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib. D. Sammut bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir”. D. Sammut qeyd edib ki, etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərkib hissələrindən biridir: “Etimad tədbirləri bir-biri ilə problemləri olan dövlətlər və ya dövlətlərdəki qruplar arasında görülməli olan tədbirdir. Bu, dostlar arasında olan tədbir deyil. Bu tədbirlər ABŞ və NATO-nun Sovet İttifaqı ilə münasibətlərini aydınlaşdırmaq üçün “soyuq müharibə” dövründə də olub. Bu, o demək deyil ki, biz Dağlıq Qarabağ bölgəsində müharibənin getməsindən və təmas xəttində demək olar, hər gün insanların ölməsindən xəbərdar deyilik. Biz məhz buna görə etimad tədbirləri barədə danışırıq. Prezidentlər və nazirlər səviyyəsində müzakirələr və danışıqlar üçün şərait yaratmaq məqsədilə bu məsələ müzakirə olunur. Biz hamımız öz yolumuzla bu münaqişənin həllinə töhfə verə bilərik”. Qeyd edək ki, D. Sammut “Etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi?” adlı tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir. Tədbir İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Geri qayıt |