Əsas Səhifə > Azərbaycan > Deputatların mandatdan məhrum edilməsi qaydası
Deputatların mandatdan məhrum edilməsi qaydası15-12-2017, 09:54. |
Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud şəkildə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib. SİVİL.AZ Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində uzun sürən müzakirələrdən və deputatların etirazından sonra Seçki Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyası rəsmi məlumat verərək, Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Daha sonra isə MSK-da deputatın mandatdan məhrum edilib-edilməyəcəyi müzakirə olunacaq və bu barədə qərar qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir: 6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda; 7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə ediləcək.. Geri qayıt |