Əsas Səhifə > Azərbaycan > Baş Prokurorluq "Gəncə işi" ilə bağlı işgəncə iddialarını təkzib edir

Baş Prokurorluq "Gəncə işi" ilə bağlı işgəncə iddialarını təkzib edir


15-08-2019, 15:50.
title}
Baş Prokurorluq "Gəncə işi" ilə bağlı işgəncə iddialarını təkzib edir


"Gəncə işi"ndə həbs olunanların heç birinə işgəncə verilməyib, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu iş üzrə həbs olunanların valideynlərinin iddialarına cavab verib.

CİVİL AZERBAİJAN-ın məlumatına görə qurum sözçüsü bildirib ki, "Baş Prokurorluq işgəncə iddialarını qəti şəkildə təkzib edir".

"Bu məsələ ilə bağlı həbs olunan şəxslərə işgəncə verilməsi ittihamları tamamilə əsassızdır", - cənab Sultanov bildirib.

Ötən ilin 10 iyulunda Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən hadisələrdən sonra həbs olunanların valideynləri çərşənbə axşamı günü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

"Başımız məhkəmələrə qarışmışdı, indi məhkəmə yekunlaşır, səbrimiz tükənir. İstintaqla bağlı iradımızı bildirməyə gəldik", - valideynlərdən biri deyib.

Valideyn Sevinc Hüseynova iddia edir ki, istintaqı aparan müstəntiqlər qrupu onların həbs edilmiş yaxınlarını "yanlış maddələrlə" ittiham edib və "təqsirləndirilən şəxslərə işgəncələr verilməsində iştirak ediblər".

Sevinc Hüseynova hazırda həbsdə olan 24 yaşlı oğluna bəraət istəyir.

Bundan əvvəl də hüquq-mühafizə orqanları "Gəncə işi" üzrə həbs edilənlərin işgəncəyə məruz qalmaları barədə iddiaları təkzib edib, istintaqın obyektiv aparıldığını demişdi.

"Bizim uşaqların əməlində cinayət tərkibi yoxdur"

"35-40 valideynik, Gəncədən, Tərtərdən, Yevlaxdan, Sumqayıtdan da gələnlər var. Bizi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini qəbul etdi və dinlədi. Adlarımızı yazdı və söz verdi ki, rəhbərliyə məruzə edəcək və qısa vaxtda tədbir görüləcək", Sevinc Hüseynova deyir.

Sevinc Hüseynovanın 24 yaşlı oğlu Elmir Hüseynzadə "Gəncə hadisələri"nə görə həbs edilib.

"Hamı bilirdi ki, 2018-ci iyul 10-da, saat 8-də mitinq olacaq. Oğlum da maraq göstərib, gedib müşahidə etməyə. Kamera görüntülərində olduğu üçün tutublar. Əvvəlcə 20 sutka inzibati qaydada cəza verilib, amma 10 gündən sonra, inzibati cəza bitməmiş qəsdən adam öldürməyə cəhd də daxil olmaqla, 7 maddə ilə cinayət işi açılıb", - o deyir.

Sevinc Hüseynova daha sonra valideynlərin Baş Prokurorluğa rəhbərliklə görüşməyə getdiklərini deyib: "Bizim uşaqların əməlində cinayət tərkibi yoxdur. Hardan o cinayəti gördülər, yazdılar, bilmirəm", - o bildirib.

Valideynlər Prezident Administrasiyasına, Ombudsman Aparatına da gedəcəklərini deyirlər. Sevinc Hüseynova oğlunun təkcə azadlığa buraxılmasını deyil, həm də ona bəraət verilməsini istəyir.

Hüquq-mühafizə orqanları "Gəncə işi" üzrə həbs edilənlərin işgəncəyə məruz qalmaları barədə iddiaları təkzib edir.

Daxili İşlər Nazirliyi saxlanan şəxslərin məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətə uyğun olmayan iddialarla çıxış etdiklərini bildirib.

"Gəncə hadisələri" zamanı nə olub?

2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.

Baş Prokurorluq Gəncə işi ilə bağlı ümumilikdə altı qrupun - 51 nəfərin işinin məhkəməyə göndərildiyini bildirir. Onlardan biri məhkəmə prosesləri zamanı ağır xəstəlikdən vəfat edib. (BBC)
Geri qayıt