Əsas Səhifə > Azərbaycan > AXCP-nin iki fəalı saxlanılıb
AXCP-nin iki fəalı saxlanılıb21-08-2019, 09:42. |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı saxlanılıb. CİVİL AZERBAİJAN bildirir ki, AXCP-nin məlumatına görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanılıb. Onu iki gün qabaq Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə polislər həbs edib. Ailə üzvlərinin dediyinə görə İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. AXCP-nin digər məlumatında isə deyilir ki, avqustun 20-də həmçinin daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib. “Səbəb kimi əsasən fb-də sərt yazıları göstərilir.” Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 54 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib. AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub. Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır. (Amerikanın Səsi) Geri qayıt |