Əsas Səhifə > Azərbaycan > Əfqan Muxtarlının həbsxanada aclığa başladığı bildirilir
Əfqan Muxtarlının həbsxanada aclığa başladığı bildirilir22-09-2019, 13:16. |
16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının sentyabrın 22-dən aclıq aksiyasına başladığını bildirilir. CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə məlumatı AzadliqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli verib. Samir Əsədli Əfqan Muxtarlının aclıq aksiyasına başlamasının səbəbini vəkili Nemət Kərimliyə qanunsuz münasibətlə izah etdiyini deyib: “Bununla bağlı Əfqan Muxtarlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sentyabrın 20-də vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayır. O, həmçinin, qeyd edib ki, rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qanusuzlugu ilə seçilib, bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olmuş müavini Məmməd İbrahimə qarşı zorakılıq edib. Bəyanatda vurğulanıb ki, onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. Jurnalist habelə tələb edir ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Onun fikrincə, vəkilə qarşı olanlar onun hüquqlarını pozmağa yönəlib. Əfqan Muxtarlı qeyd edib ki, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib...”. Bu açıqlamaya və orada səslənən fikirlərə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri bir qayda olaraq bildirirlər ki, cəzaçəkmə müəssisələrində məhkumlar və onların müdafiəçiləri ilə qanun çərçivəsində davranılır.Üstəlik, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Vəkil Nemət Kərimli sentyabrın 20-də Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində kobud davranışıla üzləşdiyini açıqlamışdı. " Jurnalist Əfqan Muxtarlı ilə görüşə getdim. Çox gözlətdilər, sonra üzərimdə axtarış aparacaqlarını bildirdilər. Bu qanunsuz olsa da, razılaşdım. Ayaqqabımın içini, corablara qədər axtardılar. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, fikir vermədilər". Nemət Kərimlinin sözlərinə görə, qərar tələb etdikdən sonra özünü rəis müavini kimi təqdim edən şəxs də axtarışda iştirak edib: "Mənim qeydlərimi oxumaq istədilər, icazə vermədim. Həmin şəxs müdaxilə etdi və məni rəisin yanına aparmaq istədi, imtina etdim. O isə köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi. “Sən kimsən? sənə göstərərəm, kimə istəsən şikayət et” deyərək qışqıra-qışqıra əlimdəki çantanı zorla aldı, içərisindəkiləri stolun üstünə tökdü, şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar". Həmin vaxt Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “ Turan” agentliyinə bildirmişdi ki, məsələdən xəbəri yoxdur:"Vəkil belə bir hadisənin olduğunu iddia edirsə, rəsmi şəkildə Penitensiar Xidmətə müraciət etsin". Geri qayıt |