Əsas Səhifə > Azərbaycan > 'Kaspi Liseyi' işində təqsirləndirilənlər ölüm aclığına başlayıblar
'Kaspi Liseyi' işində təqsirləndirilənlər ölüm aclığına başlayıblar3-10-2019, 12:29. |
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımına məxsus «Kaspi Liseyi» üzrə məhkəmə işində təqsirləndirilənlər ölüm aclığına başladıqlarını bildiriblər. CİVİLAZERBAİJAN.COM bildirir ki, liseydən 565 minlik mənimsəmə iddiasıyla həbs olunan iki nəfər - liseyin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev bunu oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxılarkən açıqlayıblar. Hər ikisi valideynlərinə bu barədə vəsiyyətnamə də göndəriblər. Orada göstəriblər ki, Ə.Həsənovun təzyiqləri nəticəsində onların işinə ədalətli baxılmadığına görə bu addımı atırlar. Əgər aclıq aksiyası nəticəsində ölərlərsə, buna görə birinci günahkarlar Əli Həsənov və xanımı, ikinci isə onların işinə baxan hakim və prokurordur. «Aclıq aksiyasına başlayandan sonra hansısa səbəbdən ölsəm...» T. Məmmədov valideynlərinə vəsiyyətnaməsində yazır ki, ölümü göz önünə alaraq, aclıq aksiyasına başlayıb. Heç bir günahı olmadığı halda, bir ildir həbsdə saxlandığını deyən F.Möhbalıyev isə həm də valideynlərindən xahiş edib ki, vəsiyyətnaməsini prezident və birinci vitse-prezident də daxil, dövlət orqanlarına göndərsinlər. O, günahkarlar sırasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin də adını çəkib. Bu iş üzrə istintaq həmin idarədə aparılıb: «Məndə ölümlə nəticələnəcək xəstəlik yoxdur. Aclıq aksiyasına başlayandan sonra hansısa səbəbdən ölsəm, bilin ki, məni öldürdülər. Bu vəsiyyətnaməmi prezident və birinci vitse-prezident başda olmaqla, dövlət qurumlarına göndərin ki, heç olmasa, məndən sonra başqalarının başına bu hadisəni gətirə bilməsinlər. Həbsdə olduğum bir il ərzində dəfələrlə işimə ədalətsiz və qərəzli baxılması barədə ərizələr yazsam da, təəssüf ki, baxan olmadı». Adları çəkilən şəxslər bildiriblər ki, quru aclığa başlamaları barədə saxlandıqları Bakı İstintaq Təcridxanasının rəisi Elnur Əliyevə də məktub yazıblar. Hələlik, təcridxanadan bu məsələni təsdiqlətmək mümkün olmayıb. Oktyabrın 2-də məhkəmədə vəkillər növbəti dəfə liseyin təsisçisi Sona Vəliyevanın çağrılıb dindirilməsi məsələsini qaldırıblar. Bu vəsatəti də belə əsaslandırıblar ki, 565 min manatın mənimsənilməsi barədə rəy S. Vəliyevanın sözləri, onun təqdim etdiyi rəqəmlər əsasında verilib. Başqa sübut yoxdur. «Məsələn, audit rəyində göstərilib ki, iyun ayında 100 min manat təsisçidən ödənilib. Hara ödənilib? Necə ödənilib? Bununla bağlı nə sübut var? Sona Vəliyevanın tərtib etdiyi iki sənəd əsasında adamlara ağır ittiham verilib, onu da nə istintaqda çağırıb dindiriblər, nə də məhkəmədə...», – vəkil Elçin Sadıqov etiraz edib. «Bu qədər ədalətsizlik olmaz» Digər vəkil Adəm Məmmədov da S. Vəliyevanın çağrılmasının vacib olduğunu vurğulayıb: «Fərahimin bir ildir günahsız həbsdə saxlanması məhkəmə-hüquq sistemi adına da xələl gətirir». Hakim S. Vəliyevanın dindirilməsi barədə vəsatəti növbəti dəfə rədd edib. Bu zaman təqsirləndirilən şəxslər etiraz edib. «Onsuz da ölüm aclığına başlayıram. İlk imkanda özümə qəsd edəcəm, qanımı tökəcəm. Birinci günahkar Əli Həsənov və Sona Vəliyeva olacaq, ikinci günahkar da siz. Bu qədər ədalətsizlik olmaz», – F. Möhbalıyev deyib. T. Məmmədov bildirib ki, onu heç bir qeydiyyat olmadan ötən il oktyabrın 16-dan 30-na qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar: «Əli Həsənovun bir zəngi ilə elədilər bu qanunsuzluğu. 20 min pulumu, 30 minə dəyərləndirib maşınımı aldılar. Bəs niyə mənimsənildiyi iddia olunan məbləğdən çıxmadılar?». Təqsirləndirilən şəxslərin, onların vəkillərinin etirazlarına baxmayaraq, məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 11-də prokuror çıxış edib, onlara cəza istəyəcək. Geri qayıt |