Əsas Səhifə > Azərbaycan > 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür18-10-2019, 11:16. |
Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. CİVİLAZERBAİJAN.COM bildirir ki, 28 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də növbədənkənar sessiya bu məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmır. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizinin bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdiyi açıqlanır. Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi .Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı. O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir. Müxalifət bu qərarı mənfi qarşılayıb. Geri qayıt |