Əsas Səhifə > Azərbaycan > İlham Hüseyn: "Siqaretin dadını bilmirəm, məni narkotiklə şərləyirlər"
İlham Hüseyn: "Siqaretin dadını bilmirəm, məni narkotiklə şərləyirlər"27-10-2019, 13:02. |
Hakim AXCP funksionerinə fikrini tamamlamağa imkan verməyib Milli Şuranın 19 oktyabr mitinqindən öncə həbs olunanlardan biri də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn oldu. CİVİLAZERBAİJAN.COM bildirir ki, o, İnzibati Xətalar Məcəlləsinin 206 (şəxsi istehlak miqdarında narkotik maddələrin əldə olunması, saxlanması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 60 gün həbs cəzası alıb. Lakin İlham Hüseyn şərləndiyini bildirir və haqqındakı məhkəmə qərarından apelyasiya şikayəti verib. Oktyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə onun şikayətinə baxılıb. İ.Hüseynin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilini oktyabrın 16-da səhər saat 9-da yaşadığı evin yaxınlığında üç nəfər mülki geyimli saxlayıb. Həmin vaxt o, çörək alıb qayıdırmış. Amma sənədlərdə İ.Hüseynin tamam başqa ərazidə saxlandığı qeyd olunub. Vəkil məsələnin araşdırılıb, həqiqətin üzə çıxarılması üçün İ.Hüseynin yaşadığı evin yaxınlığındakı təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilməsini istəyib. Bildirib ki, o görüntülərə baxılsa, İ.Hüseynin həqiqətən çörək almaqdan qayıdarkən saxlandığı, onun polislərə müqavimət göstərmədiyi sübut olunar. Vəkilin sözlərinə görə, İ.Hüseyn saxlandıqdan sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparılıb. 7 saat orada saxlandıqdan sonra isə Respublika Narkoloji Mərkəzinə gətirilib, oradan rəy alınıb ki, İ.Hüseynin qanında narkotik var: "Narkoloji müayinə üçün mütləq İlham Hüseynin yazılı razılığı olmalıydı, yoxdur. O, kifayət qədər savadlı insandır, öz vəkilinin çağrılmasını istəyib. Bunu da təmin etməyiblər. Ona ailə üzvlərilə əlaqə saxlamağa imkan verilməyib”. Vəkil İ.Hüseynin Avropa Konvensiyasının 3 (işgəncə, pis rəftar və ləyaqəti alçaldan hərəkətlərin qadağan olunması) və 5-ci (azadlıq hüququ) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu deyib. Müdafiəçi onun haqqındakı inzibati xətaya dair işə xitam verilməsini, qanunsuz həbs edən şəxslərin haqqında isə xüsusi qərar çıxarılmasını istəyib. İ.Hüseyn özü də çıxış edib: "Mənim 36 yaşım var, siqaretin, arağın dadı necə olur, bilmirəm. Amma məni narkotiklə şərləyirlər. Hamısı başdan-ayağa quramadır, mənim siyasi fəaliyyətimlə bağlıdır. Şərləmək də iki cür olur - ədalətli şərləmə və ədalətsiz şərləmə. Bu çox ədalətsiz, vicdansız şərləmədir...” Hakim Əflatun Qasımov ona fikrini tamamlamağa imkan verməyib. Təxminən yarım dəqiqəlik müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını və Sabunçu Rayon Məhkəməsinin qərarrının qüvvədə saxlandığını elan edib. (Meydan.tv) Geri qayıt |