Əsas Səhifə > Azərbaycan > Mitinqi 28 May metrosunun ətrafında keçirəcəyik -
Mitinqi 28 May metrosunun ətrafında keçirəcəyik -30-10-2019, 18:35. |
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya yenə Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməyi təklif edib. CİVİLAZERBAİJAN.COM bildirir ki, Milli Şura bu təklifi qəbul etməyib. Bakı şəhər İcra Hakimiyyətinin aksiyanın təşkilatçılarına cavabında deyilir ki, mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Milli Şura mitinqin noyabrın 2-də saat 15-də Məhsul stadionunda və ya 28 May metro stansiyasının qarşısındakı meydanda keçirməyi təklif edib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bildirib ki, mitinq Bakı meriyasının razılığı olmayan məkanda keçirilərsə qarşısı alınacaq və təşkilatçılar cinayət məsuliyyətinə cəlb olunacaq. "Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcək. Eyni zamanda, qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” qanuna uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək," məlumatda qeyd edilir. AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, yenə də Konstitusiyanı pozublar. "Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində - 28 may metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində - 28 may metrosunun ətrafında keçiriləcək. Hökumət mətbuatının təxribatlarına heç kim uymasın. Mitinq istisnasız olaraq dinc keçirilməlidir. Zorakılıq və qanun pozuntusu edənləri hamılıqla çəkib ictimailəşdirin. Xalqımız öz taleyinə sahib çıxmalıdır!" Əli Kərimli qeyd edib. Bakı meriyası bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra kütləvi aksiyalara razılıq verməyib. Milli Şuranın son müraciətlərinə cavabda isə meriya mitinqin Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, oktyabrın 19-da şəhərin mərkəzi hissəsində, 28 May metro stansiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən güc tətbiq edilərək alınıb, yüzlərlə insan saxlanılıb. 30-dan çox insan inzibati qaydada həbsə məhkum edilib. (AmerikanınSəsi) Geri qayıt |