Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Avropa Məhkəməsinin “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə
Avropa Məhkəməsinin “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə6-12-2019, 01:19. |
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. CİVİLAZERBAİJAN.COM bildirir ki, şikayət "Sənət qəzeti"ndə 2006-cı ildə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə Rafiq Tağı və Samir Sədaqətoğlunun həbsi ilə bağlı verilmişdi. R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. R. Tağı və qəzetin Baş redaktoru S. Sədaqətoğlu həmin məqalənin dərcindən sonra Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılıblar. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar (Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri) tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlu ilə bağlı ölüm hökmü fətvası verilib. Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib. 2007-ci ilin dekabrında Rafiq Tağı və Samir Sədaqətoğlu əfv sərəncamı ilə azadlığa çıxıblar. Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib. Məhkəmə Azərbaycan hökumətinin üzərinə R. Tağının ailəsinə və S. Sədaqətoğluna ayrı-ayrılıqda 12 min 850 avro həcmində təzminat ödəmək öhdəliyi qoyub. Bu məbləğlərə hüquqşünas xidmətləri də daxil edilib. Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. R. Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada vəfat edib. Bu cinayətin üstü isə hələ də açılmayıb. Rafiq Tağı ölümündən əvvəl ona qarşı olan hücumu İran siyasi hakimiyyəti ilə əlaqələndirib. Cinayətin üstünün açılmaması ilə bağlı şikayət AİHM-də hal-hazırda kommunikasiya prosesindədir. Geri qayıt |