Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Bələdiyyə seçkisi: qaliblər arasında ictimai fəallardan kimlər var?
Bələdiyyə seçkisi: qaliblər arasında ictimai fəallardan kimlər var?24-12-2019, 19:58. |
Bakının Qaraçuxur bələdiyyəsinə namizədliyini vermiş məşhur videobloqqer Mehman Hüseynovun adı qəsəbə üzrə lider namizədlərin sırasında yoxdur. CivilAzerbaijan.com bildirir ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin açıqladığı ilkin nəticələrə görə, Mehman Hüseynov 17 lider namizədin siyahısına düşməyib. Çərşənbə axşamı MSK-nın saytında DSK-lar üzrə ilkin nəticələr açıqlanıb. Seçkidə müstəqil olaraq namizədliyini sınayan Vəfa Nağı 113 səs toplayaraq Nefçalanın Xolqaraqaşlı bələdiyyəsinin üzvü seçilib. 77 saylı Astara seçki dairəsindən namizəd olan və REAL hərəkatının dəstəklədiyi müstəqil namizəd üzvü Rüfət Əliyev 277 səs toplayıb, o, lider namizədlər siyahısında ikincidir. Seçki kampaniyası ilə ictimaiyyətin diqqətini çəkmiş ictimai fəallar Rəbiyyə Məmmədova və Ayxan Mehdizadənin isə lider namizədlər siyahısında adı yoxdur. Dekabrın 23-də Azərbaycanda keçirilən seçkidə təxminən 15 min bələdiyyə üzvü yeri uğrunda 41 min 500-ə yaxın namizəd mübarizə aparıb. Seçkidə respublika üzrə 1 milyon 600 mindən çox seçici səs verib. Mərkəzi Seçki Komissiyası seçici fəallığının 33 faizə yaxın olduğunu açıqlayıb. Bəzi ictimai fəallar ayrı-ayrı seçki məntəqələrində seçkinin saxtalaşdırıldığını, qutuya topa bülletenlərin atıldığını iddia ediblər. Sosial mediada qanun pozuntularının əks olunduğu video görüntülər yayılıb. BBC News Azərbaycanca MSK-nın 84 saylı Füzuli seçki dairəsinin 4 saylı seçki məntəqəsində quraşdırdığı kameradan canlı yayımı izləyərkən bir neçə seçiciyə birdən artıq bülleten verildiyini qeydə alıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov BBC News Azərbaycancanın bu və digır qanun pozuntuları ilə bağlı sualına cavabında deyib ki, belə hallar araşdırılacaq və "qanuni ölçü" götürüləcək. (BBC) Geri qayıt |