Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Milli Şura bəyanat verdi
Milli Şura bəyanat verdi24-01-2020, 13:17. |
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin (Zamin) Salayevin polisdə işgəncəyə məruz qalması ola bağlı bəyanatla çıxış edib. CivilAzerbaijan.com-un məlumatına görə, Milli Şura bəyan edir ki, ölkədə rəsmi qurumların qanunları tapdaması, hüquq mühafizə orqanlarının repressiya və cəza alətinə çevrilməsi bilavasitə dövlət başçısı İlham Əliyevin özündən qaynaqlanır. “Polis və başqa dövlət orqanları məhz İlham Əliyevin idarəçilik prinsiplərinə söykənərək, bəzi hallarda isə şəxsi göstərişi əsasında qanunsuzluqlara, anti-insani əməllərə və cinayətlərə yol verirlər.” Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir. “Milli Şura bu cinayəti törədənlərin dərhal cəzalandırılmasını tələb edir. Milli Şura ölkə ictimaiyyətini Əlizamin bəyin başına gətirilənlərə səssiz qalmamağa, kütləvi etiraz və tələblərlə hakimiyyəti işgəncə siyasətindən imtinaya məcbur etmək, konkret halda isə Əlizamin bəyə işgəncə verənlərin cəzalandırılmasına nail olmaq üçün səy göstərməyə çağırır. Milli Şura həmçinin demokratik dünyanı və Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təşkilatları İlham Əliyev hakimiyyətinin repressiya və işgəncə siyasətini durdurmaq üçün nəhayət təsirli tədbirlər görməyə, o cümlədən işgəncə və repressiyalarda iştirakı olan vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir.” Sənəddə deyilir ki, AXCP Salyan şöbəsinin fəalı Əlizamin (Zamin) Salayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsində və bu idarənin 8-ci Polis Bölməsində ağır işgəncələrə məruz qalıb. Salayev necə və hansı şəraitdə amansızlıqla döyüldüyünü artıq ictimailəşdirə bildiyi məktubunda təfərrüatı ilə yazıb. “Məlum olur ki, yanvarın 13-də Bakının Səbail rayonu ərazisində dostları ilə birgə nahar edərkən saxlanılan və daha sonra Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilən Salayevi məhkəmədən 8-ci polis bölməsinə aparıb, orada vəhşicəsinə döyüblər. Bölmə rəisinin iştirakı ilə polislər onu öz şəxsiyyətini alçaldan hərəkətə məcbur etmək istəyiblər, istəkləri yerinə yetirilməsində isə Əlizamin bəyi qolları qandallı yerə yıxaraq təpikləyiblər. Daha sonra onu Səbail Rayon Polis İdarəsinə apararaq orada da daha amansız işgəncəyə məruz qoyublar. Onu əvvəlcə idarə rəisinin özü söyüb və döyüb, sonra da zirzəmiyə apararaq "sındırmağı" tapşırıb. Polis əməkdaşları Əlizamin bəyi idarənin zirzəmisində şəxsiyyəti alçaldan hərəkətə və dəhşətli işgəncələrə məruz qoyublar. İşgəncələrin nəticəsində Əlizamin bəy çoxsaylı xəsarətlər alıb, ən təhlükəlisi isə qarın boşluğunda yırtıq əmələ gəlib. İşgəncələrdən Əlizamin bəyin vəziyyəti elə ağırlaşıb ki, polislər onu xəstəxanaya aparmalı olublar. Həkimlər onun qarın boşluğunda yırtıq əmələ gəldiyini və təcili cərrahi əməliyyata ehtiyac olduğunu bildiriblər. Lakin polislər onun əməliyyata alınmasına imkan verməyib, ilkin tibbi yardımla kifayətlənməyi tələb ediblər. Daha sonra Əlizamin bəyi elə ağır vəziyyətdə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə (Binəqədi təcridxanası) yerləşdiriblər.” Milli Şura hesab edir ki, Əlizamin Salayev polisin qəzəbinə ictimai maraqları müdafiə etdiyi üçün gəlib. Belə ki, o, Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov özünü Daxili İşlər Naziri Vilayət Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Əlizamin bəyi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələyib. 13 yanvar 2020-ci il tarixdə Əlizamin Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada artıq deyildiyi kimi, həbs olunub. Əlizamin bəyə təcridxanaya yerləşdiriləndən sonra bir neçə gün ərzində ailə üzvlərilə görüş də verilməyib. Güman ki, buna səbəb onun üzərində işgəncə izlərinin açıq görünməsi olub. Milli Şura təəssüflə bildirir ki, bu, polis orqanlarında insanlara işgəncə verilməsinə dair birinci hal deyil. Artıq Azərbaycan cəmiyyəti hər il bir neçə dəfə polis orqanlarında ağır işgəncələr, bəzən hətta işgəncədən ölüm halları barədə məlumatlar alır. Çox təəssüf ki, neçə illərdir davam edən bu vəziyyətin qarşılığında ölkə rəhbərliyi heç bir adekvat tədbir görməyib, əksinə polis orqanlarının xüsusən də siyasi müxalifətə qarşı cəza alətinə çevirib. İctimai-siyasi fəallara və hətta MŞ Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli kimi tanınmış siyasi liderlərə belə ağır işgəncələr verilməsi, ciddi bədən xəsarətləri yetirilməsi məhz bunun nəticəsidir,” deyə sənəddə qeyd edilir. Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev yanvarın 13-də 30 sutka inzibati həbsə məhkum edilib. AXCP-nin məlumatına görə, Zamin Salayev AXCP-nin digər iki fəalı, Ceyhun Novruzov və Nicat Abdullazadə ilə Səbail rayon ərazisində yerləşən kafelərdən birində saxlanılıb. Nicat Abdullazadə və Ceyhun Novruzovun hər biri 50 manat cərimələnib. Zamin Salayev isə Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinərək, 30 sutka inzibati qaydada həbsə məhkum edilib. AXCP hesab edir ki, Salayevin saxlanılmasının səbəbi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır. Geri qayıt |