Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Tofiq Qasımov mühacirətdə vəfat edib
Tofiq Qasımov mühacirətdə vəfat edib29-01-2020, 12:35. |
Bu gün, yanvarın 29-da səhər saatlarında Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddətdir mühacirətdə yaşayan Tofiq Qasımov vəfat edib. Bu barədə yayılan məlumatı AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı da təsdiqləyib. «Keçmiş nazir Tofiq Qasımovun vəfatı ilə bağlı məlumatı yaxın dostu Mirbaba Babayev yayıb və məlumat həqiqətdir», - o qeyd edib. CivilAzerbaijan.com bildirir ki, A.Hacılının sözlərinə görə, hələlik, dəfnin harada olacağı məlum deyil: «Tofiq Qasımov Azərbaycanın görkəmli siyasi xadimlərindən biri, milli-azadlıq hərəkatının liderlərindən idi. Azərbaycan üçün ən çətin dövrlərdə xarici işlər naziri vəzifəsini yerinə yetirib. O, həm də görkəmli fizika alimi idi. Müsavat Partiyasının Bərpa Mərkəzinin və partiyanın üzvü idi. Onun vəfatı Müsavat Partiyası, demokratik düşərgə və eləcə də Azərbaycan xalqı üçün böyük itkidir». T.Qasımovun ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində 82 yaşında vəfat etdiyi bildirilir. Tofiq Qasımovun həyatından... Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprelin 10-da Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmiryol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və Elmlər Akademiyasının (EA) Fizika İnstitutuna işə göndərilib. Leninqrad (Sankt-Peterburq) şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub. 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir. 1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından, onun proqram və nizamnaməsinin müəlliflərindən biri olub. 1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin proqramının hazırlanmasında iştirak edib. Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. Azərbaycan SSRİ xalq deputatı seçilib. O, 1992-1993-cü illərdə, mərhum prezident, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi. Ona qarşı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamlar irəli sürülmüşdü . Bundan əvvəl onun deputat mandatı da əlindən alınmışdı.1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılmışdı. 1996-cı il mayın 22-də Ali Məhkəmə keçmiş nazirin sağlamlıq durumu barədə ekspertlərin rəyləri hazır olana qədər prosesin dayandırılması barədə qərar qəbul etmişdi. Haqqında məhkəmə prosesi dayandırılandan sonra T.Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib. Sonra isə İsveçrəyə köçmüşdü. Onun 2 qızı var. (AzadlıqRadiosu) Geri qayıt |